“Şəxsən mən Zubirin millimizdə oynamasının tərəfdarı deyiləm”.
Sportliqa.az xəbər verir ki, bunu Azərbaycan millisinin sabiq futbolçusu, hazırda yığmada seleksiyaçı vəzifəsini yerinə yetirən İlqar Qurbanov “Report”a müsahibəsində deyib.
- Türkiyəyə səfəriniz zamanı beynəlxalq seminarda iştirak etdiniz. Bu, sizə nələr qazandırdı?
- “Winterleague Antalya” seminarına qatıldım. Bir çox məşhur simalar həmin tədbirdə iştirak edirdilər. Onların arasında “Barselona”nın (İspaniya), “Əl-Nəsr”in (Səudiyyə Ərəbistanı) idman direktorları, “Hall Siti”nin (İngiltərə) vitse-prezidenti, həmçinin “Olimpiakos”un (Yunanıstan) idman direktoru Kristian Karambö var idi. Bir çox menecerlər, seleksiyaçılar və klub nümayəndələri ilə tanış oldum, iş prinsiplərini öyrəndim. Gələcək karyeram üçün bunu vacib hesab edirəm.
- Gələcək karyeranızı necə görürsünüz: seleksiyaçı, menecer, yoxsa idman direktoru?
- Düzü, klub prezidenti və ya idman direktoru olmaq istəyirəm. Fikrimcə, bu cür seminarlar işimi asanlaşdıracaq. Neçə ildir təcrübə toplayıram, yeniliklər öyrənirəm. Amma təbii ki, bütün incəlikləri bilmək istəyirəm. Ondan sonra klub prezidentliyinə iddia etmək olar. Güclü bir klubun skaut sisteminin rəhbəri vəzifəsi də maraqlı olar. Bizdə bu sistemin tətbiqi indi çətin görünür. Buna vaxt lazımdır.
- Azərbaycan klublarının Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində keçirdikləri yoxlama görüşlərini də izlədiniz. Komandaların hazırkı durumları barədə nə deyə bilərsiniz?
- Klubların həm məşqlərini, həm də oyunlarını izləyirdim. Açığı, komandalarımız o qədər də yaxşı təsir bağışlamırdılar. Məğlubiyyətlər çox oldu. Əslində, hazırlıq dönəmində bunu normal qarşılamaq olar. Çempionat matçları fərqli keçir.
- Azərbaycan millisinin seleksiyaçısı kimi yeni kəşflər üzə çıxara bilmisiniz?
- Belə toplanışlarda gənc istedadlar kəşf etmək çətindir. Bu cür oyunçuları daha çox ölkə xaricindəki oyunlarda üzə çıxarmaq olur. Açığı, indi milliləşdirmə də aktual mövzu deyil.
- Belə çıxır ki, artıq yerlilərə, klublarımızın öz yetirmələrinə üstünlük veriləcək?
- Deyirlər ki, özümüz yetişdirək. Soruşmaq lazımdır ki, necə yetişdirək? Azərbaycanda hansı meydanda, hansı akademiyada istədiyin səviyyədə oyunçu üzə çıxara bilərsən? Biz buna hələ hazır deyilik. Kimsə öz istedadı sayəsində müəyyən yerə qədər irəliləyə bilər. Ancaq indi min uşaqdan birini futbolçu kimi çıxarmaq olur.
- “Qarabağ”ın yarımmüdafiəçisi Abdullah Zubir və “Sumqayıt”ın oyunçusu Kamran Əliyevin milliləşdirilməsi uzun müddət müzakirə olundu. Bu məsələdə bir yenilik var?
- Şəxsən mən Zubirin millimizdə oynamasının tərəfdarı deyiləm. Əcnəbilərin yığmamızda çıxış etmələrinə qarşıyam. Açığı, Zubirin milliləşdiriləcəyinə də inanmıram.
- Beynəlxalq arenalarda uğurlu çıxış üçün yerli futbolçuların səviyyəsi kifayət edir?
- İndiki durumda uğurlu çıxış etmək çətindir. Klublara nəzər yetirək, heç biri sırf yerlilərlə uğur qazanmayıb. Yaxşı yerlilərin yanında güclü legionerlər də olmalıdır.
- Millinin yeni baş məşqçisinin kimliyi ilə bağlı çox müzakirələr aparılır, əksəriyyət yerli mütəxəssisin tərəfdarıdır. Siz bu barədə nə düşünürsünüz?
- Yerli və ya əcnəbi məşqçi müzakirələrinə qatılmaq istəmirəm. Məsələ burasındadır ki, sistem yanlış qurulub. Sistem olmadıqdan sonra dünyanın ən yaxşı məşqçisini də gətirsən, uğur qazana bilməyəcəksən. Bu, təkcə yığmaya yox, klublara da aiddir. Yaxşı yerli məşqçilərimiz var. Onlardan birini təyin etsələr, yanına güclü köməkçilər gətirmək lazımdır. Baş məşqçilərimiz yaxşıdır, ancaq köməkçilər zəifdirlər. Amma etiraf edək ki, indi millimizdən uğur gözləmək düzgün deyil. Bu gedişlə 2-3 ildən sonra yığmada oynatmağa futbolçu tapa bilməyəcəyik. Vəziyyətdən çıxış yolu yaxşı futbolçular yetişdirməkdir.
- Bu mövsüm bir neçə futbolçumuz Türkiyənin Superliqa və I Liqa klublarına keçib. Bu amil yığmamıza müsbət təsir edə bilər?
- Neçə il əvvəl demişdim ki, Türkiyə və Rusiyada bizim futbolçular üçün limit yumşaldılsa, uşaqlar gedib həmin ölkələrdə oynaya bilərlər. Türkiyədə belə imkanın yaranması sevindirici haldır. Ancaq deyəsən, gələn mövsüm Superliqada bu limit ləğv olunacaq, yalnız I Liqada qüvvədə qalacaq. Bu mövsüm isə I Liqada 6-7 futbolçumuzun çıxışı gözlənilir. Ümumiyyətlə, Türkiyə ilə Azərbaycan çempionatlarının səviyyəsi fərqlidir. Orada temp daha yüksəkdir, inkişaf etmək perspektivin çoxdur. Bu da milli komandamıza yalnız xeyir verər.
- Vaxtilə Türkiyədə oynamısınız, həmin ölkədə klublarla münasibətiniz var. Futbolçularımızın transferində hansısa rolunuz olur?
- Açığı, 1-2 nəfərin Türkiyə klublarına keçidinə kömək etmək istədim. Ancaq bəzi şərtlərə görə alınmadı. Bir oyunçunun transferi hələ də gündəmdədir. Klubu ilə danışıqlar yekunlaşmayıb. Həmin futbolçunun adını çəkə bilmərəm. Amma onun Türkiyə klubuna keçmək şansı 50 faizdir.