"Dinamik oyun alındı. Hava şəraitinə baxmayaraq komandalar sürətli oyun nümayiş etdirdilər. Üstünlüyə sahib idik. Əlimizə düşən epizodları dəyərləndirə bilmədik".
Sportliqa.az xəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Premyer Liqanın 19-cu turunun "Sumqayıt"la (0:1) oyunundan sonra mətbuat konfransında deyib.
- Penalti epizodunu necə şərh edirdiniz?
- Öz fikrimi bildirəcəm. Bizim müdafiəçimiz imkan yaratdı ki, penalti olsun. Diqqətsizlik etdi. 29 yaşlı futbolçu bilməlidir ki, rəqibini vurursa, penalti veriləcək.
- Optimal "Qəbələ"ni nə vaxt görəcəyik?
- İlk turdan optimal "Qəbələ" görmək istəyirəm. Amma hər oyun qırmızı vərəqələr, öz səhvimizdən buraxdığımız qollar... İnanıram ki, səhvlərimizi düzəldəcəyik. Bu səhvi Nicat Əliyev etsə, başa düşərəm. 29 yaşlı futbolçu bu cür səhv etməməlidir. Fərdi səhvdən məğlub olduq.
- Lukas Afriko ən çox şans verdiyiniz oyunçudur. Bəlkə onu bir müddət ehtiyatda saxlayasız?
- Fərqli düşünürəm. Bəlkə ilə futbol olmur. Kristof Atanqana ilk turlarda səhvlər etdi, Rəşad Əzizlini qapıya qoyduq. Bütün oyunçularıma inanıram. Lukas Afriko güvəndiyim futbolçudur. Dərk etməlidir ki, komandanı belə vəziyyətdə qoymaq olmaz.