"Kəpəz" klubunun sağ cinah müdafiəçisi Şakir Seyidov Azərbaycan Premyer Liqasının 19-cu turu çərçivəsində ötən gün "Turan Tovuz"u 2:1 hesabıyla məğlub etdikləri matçdan sonra Pressing.az-ın əməkdaşının suallarını cavablandırıb.
23 yaşlı futbolçu ilk olaraq qış fasiləsində keçdikləri təlim-məşq toplanışı və oyunla bağlı fikirlərini bölüşüb:
"Təlim-məşq toplanışı çox yaxşı keçdi. Məşqlərimiz ağır və intensitv oldu. Çox şadam ki, bəhrəsi də yaxşı oldu. İnşallah, növbəti turlarda da belə davam edib, qələbələr qazanmağa çalışacağıq. Çünki "Kəpəz" Premyer Liqada qalmalıdır və borcumuzdur ki, bu klubu elitada saxlayaq".
Seyidov daha sonra oyunda vurduğu baxımlı qol haqda danışıb:
"Səhv etmirəmsə, sonuncu qolumu 2020-ci ildə "Sumqayıt"ın qapısına vurmuşdum. Bu gün qol vurduğuma, ələlxüsus komandamın qələbəsində pay sahibi olduğuma görə sevincliyəm. Bir məqamı da qeyd edim ki, ötən il "Turan Tovuz"da çıxış etmişəm deyə, bu komandanın qapısından keçirdiyim qola elə də sevinmədim. Yenə də əsas olan qələbə idi və şükürlər olsun ki, evə 3 xalla dönürük".
O, son 4 matçı ev sahibi olaraq Gəncədə yox, Qəbələdə oynamaqlarına da toxunub:
"İlk növbədə azarkeşlərimizə təşəkkür edirəm ki, harada oynamağımızdan asılı olmayaraq bizi heç vaxt tək buraxmırlar. Təbii ki, Gəncə şəhər stadionunda oynasaydıq, daha çox fanat təşrif buyurardı. Burada yol amilini də xüsusi qeyd etmək lazımdır. Lakin 10 nəfər gəlirsə belə, bu, bizim üçün böyük dəstəkdir. Biz də onların bu əziyyətini itirməməyə çalışırıq".
Gənc futbolçu "Turan Tovuz"lu həmkarı Faiq Hacıyevin qırmızı vərəqə almasının "Kəpəz"in qələbəsində həlledici amil olub-olmaması ilə bağlı isə bunları deyib:
"Əlbəttə, hər bir komanda meydanda azlıqda qalanda çalışır ki, müdafiə futbolu oynasın. "Qırmızı"nın olub-olmadığını deyə bilmərəm, bu, hakimlərin qərarıdır. Qismət belə imiş. İlk dəqiqələrdən qol buraxdıq, lakin buna baxmayaraq, toparlandıq və qələbə qazandıq".
Elsevər Muradzadə/Qəbələ