“Qarabağ”ın qapıçısı Andrey Lunyovun futbolxeber.az saytına müsahibə verib.
- “Araz-Naxçıvan” üzərində 3:1 hesablı qələbə qazandınız. Qarşılaşma barədə nə deyə bilərsiniz?
- Normal keçdi hər şey. Fasilədən sonra ilk oyunlar həmişə bir qədər çətin alınır. Əsas odur ki, qələbə qazandıq. Ən vacibi qazanılan 3 xaldır.
- Hava şəraiti oyuna nə dərəcədə mənfi təsir göstərdi?
- Düzdür, hava soyuq idi. Amma hər iki tərəf eyni şərtlər altında çıxış edirdi. Ona görə də gileylənmək üçün ciddi əsas yoxdur.
- “Qarabağ”ın heyətində inamlı təsir bağışlasanız da, sanki uzaqdan zərbələr sizin zəif tərəfinizdir. Razısız bu fikirlə?
- Uzaqdan zərbələr? Bilmirəm...
- Hər halda “Bayer”lə oyunda, eləcə də “Araz-Naxçıvan”la matçda cərimə meydançasının kənarından endirilən zərbələrə sanki reaksiya vermək gecikirsiz...
- Dəqiq fikir bildirmək üçün detallara baxmaq lazımdır. Uzaqdan zərbələrin hamısı eyni olmur.
- “Qarabağ” qış fasiləsindən lazımınca yararlana bildi? Necə düşünürsüz, digər iddialılardan fərqli olaraq Antalyada deyil, Bakıda hazırlıq keçmək komanda üçün çətinlik yaratmayacaq?
- Toplanışımız normal keçdi. Düzdür, Bakının havası çox dəyişkəndor. Amma ümumi götürdükdə hər şey qaydasında idi. Həm də toplanış müddəti elə də uzun deyildi.
- Növbəti turda “Kəpəz”lə oyundan gözləntiləriniz nədir?
- Çalışacağıq ki, hər matçda olduğu kimi, həmin matçda da 3 xal qazanaq. Qalib gəlmək istəyirik.
- “Neftçi”nin yeni baş məşqçisi Miodraq Bojoviç uzun illər sizin vətəninizdə - Rusiyada çalışıb. Onunla şəxsi tanışlığınız var?
- Şəxsi tanışlığımız yoxdur. Amma Bojoviçlə işləyən oyunçulardan onun haqqında ancaq müsbət fikirlər eşitmişəm. Heç bir mənfi söz deyən olmayıb. İşlədiyi klublarda da yaxşı nəticələr qazanıb. Bir sözlə, təcrübəli mütəxəssisdir.
- Necə düşünürsüz, o, “Neftçi”də uğur qazana bilər?
- Bunu zaman göstərəcək.