“Beşiktaş”la oyunda böyük bir iş görmədim, öz oyunumu göstərdim və komandama vacib xal qazanmağa kömək etdim”.
Sportliqa.az xəbər verir ki, bunu Azərbaycan millisinin və Türkiyənin “Adana Dəmirspor” klubunun qapıçısı Şahruddin Məhəmmədəliyev “Beşiktaş”la qolsuz bərabərə qaldıqları Superliqanın XXII turunun oyunu ilə bağlı danışarkən deyib.
Bir neçə kritik qurtarışlara imza ataraq görüşün ən yaxşı futbolçusu seçilən 29 yaşlı qolkiper heç-heçəni sürpriz nəticə adlandırmayıb: “Nəticə sürpriz olmadı. Qalib gəlmək istəyirdik. Amma qırmızı vərəqə planlarımızı bir az pozdu. Yenə də 1 xal qazandığımız üçün sevincliyik. O ki qaldı qurtarışlarıma, komandama fayda verə bildiyim üçün çox şadam”.
Məhəmmədəliyev Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Hatayspor”a qarşı keçiriləcək Superliqanın XXIII turunun matçına da münasibət bildirib: “Renata oyunu zədəsiz keçirməyi və sağlam qalmağı arzulayıram. Qarşıdakı görüşdə ona başqa heç nə arzulaya bilmərəm”.
Qeyd edək ki, yanvarın 27-də keçiriləcək “Adana Dəmirspor” – “Hatayspor” oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Hazırda adanalılar 31 xalla 7-ci, Hatay təmsilçisi isə 22 xalla 16-cı pillədə qərarlaşıb.
report.az