“Qarabağ”ın yarımmüdafiəçisi Yassin Benzia müsahibə verib.
Sportliqa.az xəbər verir ki, 29 yaşlı fransalı komandasının “Səbail” üzərində 2:1 hesabı ilə qələbə qazandığı matç haqda sualları cavablandırıb.
- 3 xalı çətinliklə qazandığınızı deyə bilərik?
- Maska ilə oynamaq asan deyil. Buna öyrəşməmişəm, açığı. Müəyyən çətinliklər olurdu. Amma bu, baş məşqçinin qərarıdır. Süni örtükdə oynamaq asan deyil. Ona görə də istədiklərimizi meydanda tam yerinə yetirə bilmirdik. Bizim üçün vacib olan 3 xal idi ki, onu da əldə etdik. Bundan sonra “Sabah”la kubok matçına hazırlaşacağıq.
- Sıx qrafikdə oynayırsınız. Çətindir, yoxsa alışmısınız artıq?
- Heyətimiz genişdir və gördüyünüz kimi Qurban hoca tez-tez rotasiyalar edir. Məsələn, mən “Kəpəz”lə oyunda cəmi 5 dəqiqə meydanda olmuşdum və zədələnmişdim. Bu səbəbdən “Sabah”la görüşü kənardan izləmişdim. Təqvim nə qədər sıx olsa da, buna alışmalı, uğurlu nəticələr haqda düşünməliyik.
- İllər öncə Fransadakı avtoqəzada barmağını itirmişdin. “Kəpəz”lə oyunda aldığın zədə zamanı ağlından ilk keçən nə oldu?
- Xeyr, o barədə düşünmədim. Düşündüyüm bu oldu ki, Allahın yazısıdır, deməli, belə də olmalıymış. O an “Əlhəmdülillah” dedim. Həkimlərin səyi nəticəsində qısa zamanda özümə gəldim.
- Təcrübəli futbolçusan və “Səbail”lə oyunda ikinci penaltiyə sən yaxınlaşaraq dəqiq oynadın. 11 metrlik cərimə zərbələrini niyə məhz Toral Bayramov yerinə yetirir? Bunun xüsusi səbəbi var?
- Toral penalti vurmağı bacarır və bu, onda yaxşı alınır. Neçə vaxtdır “nöqtə”yə o yaxınlaşır. Gördüyünüz kimi, həmişə qol vururdu. Bu gün ilk dəfə penaltini boşa verdi. Qurban hocanın tərtib etdiyi siyahı var ki, topa birinci Toral yaxınlaşır.
- İkinci penalti zamanı Toral da meydanda idi. Amma topa sən yaxınlaşdın...
- Həmin an penaltini yerinə yetirmək istəyirdim. Torala yaxınlaşıb, ondan icazə istədim. O da “götür vur” dedi. Ona təşəkkür etdim, sonra da qol vurdum. Qolu kimin vurması önəmli deyil, əsas olan “Qarabağ”ın qələbəsidir.
sportinfo.az