"Hər iki tərəf üçün danışacam. İki komandanın futbolçularına, azarkeşlərinə təşəkkür edirəm. Bu oyun sırf azarkeşlər üçün olan oyun idi. Yaxşı mübarizə, yaxşı dinamika, çox qol...İki tərəfin də futbolçuları məğlub olmağa haqq etmirdilər. Ona görə də hər iki komandanı oyununa görə təbrik edirəm. Düşünürəm ki, çempionatın ən maraqlı oyunlarından biri oldu".
Sportliqa.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 7-ci turunun "Neftçi" ilə oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını da cavablandırıb.
- "Qarabağ" hələ də adaptasiya prosesini tam olaraq keçə bilmir deyə, qalib gəlmir, yoxsa "Neftçi" çox güclənib?
- Qarşımızda çox bərk komanda var idi. İntizamlı kollektivdir. Rəqibi öz oyununu oynamağa qoymurlar, maksimum buna fokuslanıblar, bunu yaxşı icra edirlər. Amma futbolçularımız çox da əsəbiləşmədilər, səbirli oldular, sona kimi öz oyunumuzdan əl çəkmədik. Yaxşı sonluq oldu. Amma özümüzdə də bir az çatışmazlıqlar var. Hələ tam heyət formalaşmayıb, futbolçuların tam adaptasiya müddəti keçməyib. Yeni gələn oyunçularda sanki hamı zədə prosesindən keçir. Vacib olan onların xarakteri idi. Bundan əvvəlki oyunlarda da oyun baxımından çatışmazlıqlarımız var, amma xarakter göstərirlər. Daha yaxşı olmağa gücümüz var, borcluyuq da. Qarşıdakı vaxtlarda hazırlaşıb, yaxşı məşqlər keçib, futbolçuları daha yaxşı idman formasına gətirib çıxaracağıq.
- "Neftçi"nin çempionluq yarışında "Sabah" və "Qarabağ"la mübarizə apara biləcək?
- Tam əminliklə. Təkcə çempionluğa meydanda baxmamalıyıq. Öz oyunları var, daha gücləniblər, daha inamlı olublar. Komanda ətrafında böyük inam var. Bu gün də bir daha göstərdilər.Son vaxtlar yadıma gəlmir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda bu qədər "Neftçi" azarkeşi olsun..Bu mövsüm xüsusi hazırlaşıblar. Çempion ola biləcək gücdədirlər.
- Ötən ay AFFA-nın media departamentində bir-birə 8 əməkdaş işdən çıxarılıb. Onların arasında Vətən müharibəsinin qazisi, sizin yaxından tanıdığınız həmkarımız Mehman Əşrəfov da var. Dünən mediada xəbərlər çıxdı ki, Cahangir Fərəcullayev onları işdən çıxaranda deyib ki, bu mənim yox, İcraiyyə Komitəsinin qərarıdı. Maraqlıdır ki, siz həmin müzakirələrdə iştirak etmisiniz? Həmin işçilərin fəaliyyətindən narazı olduğunu bildirmisiz?
- Xeyr, mənim məlumatım yoxdur. Ola bilər ki, fərqli formada bildiriblər. Başqa cavab verə bilməyəcəm.
- Avrokuboklardan kənarda qalmaq yaxşı nəticə deyil. Amma bu, yeni komandanı qurmaqda sizə kömək etdi?
- İki cür yanaşmaq olar buna. Avrokuboklarda oynasaydıq, ola bilər ki, bizim çox futbolçumuz avrokuboklarda iştirak etməyib. Sadəcə təsnifat mərhələsində iştirak ediblər. Qrupdakı ağırlığı hiss etmədilər. Həm də o rejimə düşmək, stabil nəticə göstərmək....Nəticələrimiz ürəkaçan olmaya bilərdi, amma avrokuboklarda formalaşmaqda, ora uyğunlaşmaqda da pis olmazdı. Bu da var ki, bəlkə düşüncələrimizi, Azərbaycan çempionatını daha ciddiyə alacaqlar. Bir daha göstərdi ki, burada heç bir oyun rahat formada getmir. Daha peşəkar yanaşmaq lazımdır.
- Rəqiblər sizin taktikanı çözüblər, yoxsa gücləniblər?
- Klub olaraq daha da böyüyüblər, ambissiyalar daha da böyüyüb. Futbolda belə bir şey yoxdur ki, hər il biz güclü olmalıyıq, çempion olmalı, ya kubok qazanmalıyıq. İstəyərdik ki, daha yaxşı olaq, titulumuzu qoruyub-saxlayaq. Amma "Sabah", "Neftçi" bu cür oyunlar göstərirlər. "Neftçi" həm "Sabah"la görüşdə, həm də bizimlə oyunda fərqli oyun göstərməklə bərabər, fərqli yanaşma var. Hər bir klubda böyük inam var. Azərbaycanlı kimi buna sevinirəm. Bəli bizə asan olmaya bilər. Gələcəyə baxanda, çempionatın səviyyəsi baxımından daha vacib idi. Həm yaxşı məşqçilər gəlir ölkəmizə, həm təcrübəlilər gəlir. Bizim üçün faydalıdır. Ola bilər düşünək ki, bizim üçün sərf etmir, amma Azərbaycan futbolu üçün sərfəlidir.
Bu gün sizə tam əminliklə deyə bilmərəm ki, bu futbolçularla istədiyim nəticəni əldə edə biləcəm. Onlardan üstün də gəlsə, deyə bilmərəm. Sadəcə nə olursa-olsun 13 il qruplarda oynayırdıq. Bu dəfə düşüməməyimiz...Sanki nakdaund aldıq..Yaxşı rəqiblərə qarşı oynadıq. Titullu komandalara qarşı oynadıq. Hər bir oyunda çox yaxşı futbol göstərdik. Avropa təcrübəmizi göstərə bildik. Sofiyada 120 dəqiqə oynasaq da, sona qədər inam var idi, rəqib çox bərk komanda idi. "Tvente" ilə buradakı oyunda oyun baxımından problemlərimiz oldu, amma nəticə əlimizdə idi. Bəzi oyunçularımız zədələndi, rotasiyalar oldu. Klub olaraq naqdaunda düşdük. Geri dönmək asan deyildi. Bəzən müzakirələr edəndə, avrokuboklar haqda danışırıq. Təsirlənirik. Hər bir halda, peşəkar idmançılarıq. Hər il avrokubok olmaya bilər, məcburiyyət yoxdur ki, biz orada olmalıyıq. İşimiz daha yaxşı olmaqdır, oyunlara yaxşı hazırlaşmaqdır. Rəhbərlik də bunu başa düşür, qəbul edir. Azarkeşlər daha artığını istəyirlər. Əmin olsunlar ki, işimizin 60-70 faizində onları düşünürük. Bu komandanın adı "Qarabağ"dır, buradakı məşqçilər korpusunda, rəhbərlikdə arxayınlaşma və məsuliyyətsizlik ola bilməz. Torpaqlarımızı geri qaytarmışıq, başımız dikdir. Amma o demək deyil ki, işimiz dayandı və məğlubiyyəti ciddiyə almayacağıq. İnanıram ki, komandanın qətiyyəti qalacaq. Ola bilər ki, nəticə iki il sonra olsun. Amma nə qədər ki, buradayam, ambissiyamızı qoruyub saxlayacağıq.
- "Sabah" avrokuboklarda neçə xal toplaya bilər?
- İnanmaq lazımdır. İnanıram ki, yaxşı nəticələr olacaq. "Sabah" elə səviyyədədir ki, sanki 5-6 ildir avrokuboklarda oynayır. Fürsətdən istifadə edərək, "Borussiya" ilə oyunda uğurlar arzulayıram. Əminlik var ki, onlar uduzmayacaq "Borussiya"ya.
- Çempionat matçlarında topun oyunda qalmaq müddəti artıb, yoxsa əvvəlki kimidir?
- Hansısa oyunda heç də ürəkaçan olmaya bilər. Bu da meydança amili . Bu cür oyunlar 100 faiz irəliləyişdir. Yeni qaydalara görə, məcburiyyətdən oyunun sürəti artır, çox da yıxılıb qalmırlar, autu tez.. 100 faiz dəyişiklik var. 4-5 komanda ilə oyunlarda daha dinamik oyunlar gedir.
- Azərbaycan yığması Lixtenşteyni məğlub edə bilmədi. Sizcə, səfərdə millimiz uğurlu nəticə qazanacaq?
- Gəlin qalib gələn oyunlardan danışaq. Şansları var. Pozitiv olaraq qarşıdakı oyunlara hazırlaşmaq lazımdır. Futbol elə səviyyəyə çatıb ki, 100 faiz favorit yoxdur. Hamı inkişaf edir, hamı düşünür, hamı hazırlaşır, hamının ən azından əvvəlkindən daha yaxşı şəraiti var ki, rəqibi daha yaxşı analiz etsin. Milllimizə uğurlar arzulayıram. (sportal.az)
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az