“Bu qələbəyə görə xoşbəxtəm. Futbolçularım buna layiq idilər. Bütün bu müddət ərzində çox çalışmışıq və komandanın oyununda yüksəliş gözlənilən idi”.
Sportliqa.az xəbər verir ki, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Filipe Kandido Azərbaycan Premyer Liqasının VIII turunda “Araz-Naxçıvan”ı 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.
Portuqaliyalı mütəxəssis komandasının əzmkar qələbəsini belə şərh edib:
“Bugünkü oyuna pis başladıq. Bundan narazı qaldım. Rəqib orta xətdə dörd futbolçu ilə oynayaraq bizə sürpriz hazırlamışdı. Bu vəziyyətdən çıxış yolunu tapmaq üçün 10 dəqiqə vaxt sərf etdik. Mübarizələrdə asanlıqla uduzurduq. Rəqibin fərdi baxımdan güclü futbolçuları var. Çox kobud səhvdən sonra qol buraxdıq. Fasilədən sonra dəyişikliklər edərək yaxşı oynadıq. Çoxsaylı qol imkanları yaratdıq. Bu qədər qol epizodundan sonra qələbəyə layiq idik”.
O, komandasının buraxılan qola qədər qorxaq futbol oynadığı fikri ilə razılaşmayıb:
“Qoldan sonra sanki ayıldıq və rəqibin üzərinə gedərək qollar vuraraq qalib gəldik”.
46 yaşlı məşqçi hücumda şans verdiyi Nihad Əhmədzadədən razılıq edib:
“Komandadın 2 hücumçusunu eyni anda itirmək gözlənilməz oldu. Nihad gənc oyunçumuzdur.Əlindən gələni etdiyini düşünürəm. Etimadımızı doğrultdu”.
Kandido növbəti turda “Sumqayıt”ın 6 ildir məğlub edə bilmədiyi “Zirə”yə qarşı keçirəcəyi oyundan da söz açıb:
“Onların oyunlarına baxmışam, amma təhlili gələn həftə aparacağıq. Belə bir statistikadan xəbərim yox idi. Bu uğursuz seriyaya son qoymağa çalışacağıq”. (futbolxeber.az)
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az