Mingəçevir şəhər Gənclər Evində 1-ci Liqada mübarizə aparan “Mingəçevir” klubunun üzvlərinə danışılmış oyunlarla bağlı seminar keçirilib.
Sportliqa.az AFFA-nın saytına istinadən xəbər verir ki, UEFA-nın oyunların toxunulmazılı üzrə məsul nümayəndəsi Seymur Səlimli “Futbol ictimaiyyəti olaraq danışılmış oyun və ya oyun manipulyasiyası haqqında nələri bilməliyik?” və “Bizim hədəfimiz sizi və futbolumuzu qorumaqdır” mövzularında mühazirə oxuyub, maarifləndirici və hesabat xarakterli təqdimatlar edib.
Seminarda “Danışılmış oyunlar”a qarşı mübarizə mövzusunda olduqca əhəmiyyətli məsələlər müzakirə olunub, təcrübə mübadiləsi aparılıb. Danışılmış oyunların yerli və beynəlxalq nümunələri seminar iştirakçılarına təqdim edilib.
İdman Yarışlarının Manipulyasiyası haqqında Konvensiya, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, Bədən Tərbiyəsi və İdman haqqında Azərbaycan Respublikasının Qanununa bir sıra əlavə və dəyişikliklər, eləcə də İntizam Komitəsinin İntizam Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər haqqında seminar iştirakçılarına məlumat verilib.