Azərbaycan milli komandasının və "Neftçi"nin sabiq forvardı Mirabdulla Abbasov müsahibə verib.
- Hazırda nə işlə məşğulsan? Hansısa təkliflər varmı?
- Xeyr, hazırda heç bir təklifim yoxdur. Yalnız Birinci Liqa klublarından təklifim var idi. Mən isə aşağı liqada oynamaq istəmirdim deyə, razı olmadım.
- Son olaraq "İrəvan"da oynamışdın. Oradan ayrılmağına səbəb maliyyə məsələsi oldu? Yəni vəd edilən maaşı vermədilər?
- Bəli, pulları ödəmirdilər deyə, "İrəvan"dan ayrıldım. Ümumiyyətlə, "İrəvan"a getməklə böyük səhv etdim.
- Maraqlıdır, qış fasiləsində necə, hansısa təkliflər olmadı? Mövsümün ikinci yarısını səni hansısa komandada görə biləəyik?
- Qeyd etdiyim kimi, təklifim Birinci Liqa klubundan idi. Elə bir təklifim yoxdur deyə, yəqin ki, çempionatın ikinci yarısında məni hansısa komandada görə bilməyəcəksiz.
- Premyer Liqada 10 komanda var. Yəqin ki, bu komandalardan hansınasa kömək edəcək qüvvəti özündə görürsən? Səncə, hamsısa Premyer Liqa klubu sənə yenidən şans verəcək?
- Bilirəm ki, yaxşı futbolçuyam. Hansısa komandaya da xeyir verə biləcək bacarığa sahibəm. Ancaq uzun müddətdir ki, məşqsiz qaldığıma görə indi formada deyiləm. Bu da aşkardır. Acı reallıq ondan ibarətdir ki, əksər klublarımız hücum xəttinə ancaq legioner axtarır. Halbuki, gələn legionerlərin 90 faizindən daha yaxşı olan yerli futbolçularımız var. Sadəcə oyun vaxtı almamaqdan, yetərli etimadı hiss etməməkdən potensiallarını açıb, özlərini göstərə bilmirlər. Bu da məşqçinin psixologiyasından asılıdır ki, özgüvən verməyi hər məşqçi bacarmır.
- Ölkə xaricinə yollanmaq məsələsi necə, varmı və realdırmı?
- Real deyil. Çünki əksəriyyət statistikaya baxır. Mənim də statistikama baxdıqda oynamadığım görünür.
- Azərbaycanın A milli komandasına kimi yüksəldin, ölkənin ən yaxşısı seçildin, Neftçidə əsas oyunçulardan oldun. Sonradan nə baş verdi ki, hazırda Premyer Liqadan uzaqsan və kayeranda eniş getdi? Səbəbi və ya səbəbkarı kimdi?
- Sözün açığı, bu barədə danışmaq istəməzdim. Çox şey səbəb oldu. Sadəcə, çirkinləşib, uzun-uzadı bu haqda danışmaq istəməzdim.
- Həmin yüksəlişə yenidən keçəcəyinə inamın var?
- İstəsəm, hər şey edərəm. Ondan da artıq yüksələrəm. Yaşım da çox deyil. Formaya düşməyim çox zaman almaz. Oyunları izləyirəm. Məndən heç də artıq olmayan futbolçular oynayır. Öz bacarığıma bələdəm.
- "Neftçi"ni kənardan izləyirsən. Onların performansı, bu komandanın çıxışı haqda fikrin necədir? Səncə, kuboku qazana biləcək gücdədirlər?
- Əlbəttə ki, izləyirəm. Çətin dönəmdir. Öncə rəhbərlikdə dəyişiklik oldu, ardınca mövsüm ərzində iki məşqçi dəyişikliyi baş verdi. Kuboka gəldikdə, reallıq budur ki, "Qarabağ"la hazırda rəqabət aparmaq çox çətindir. Bunu obyektiv olaraq bildirməliyik. Ancaq futboldur da, hər şey ola bilər, niyə də olmasın? Belə olarsa, "Neftçi" ailəsi adına, "Neftçi"nin yetirməsi kimi sevinərəm. Bəzi adamlar yalnış fikirdədir. "Neftçi" ilə problemim olduğunu düşünürlər. Mənim "Neftçi" ilə deyil, bu klubu idarə etmiş rəhbərlikdəki insanlarla problemim olub. Bu gün olub, sabah olmayan insanlarla mübahisələrim yaşanmışdı. Yoxsa, mən "Neftçi"nin yetirməsiyəm. Hər zaman bu komandanın uğuruna sevinmişəm və sevinəcəm də.
sportal.az