“Qarabağ”ın sağ cinah müdafiəçisi Mateus Silva Premyer Liqanın 24-cü turunda “Sumqayıt”a qarşı keçirdikləri ev oyunundan danışıb.
– Matç haqda ümumi fikirləriniz nədir?
– “Sumqayıt”a qarşı yaxşı oyun nümayiş etdirdiyimizi düşünürəm. Matç boyu nizam-intizama riayət etdik. Məşqdəki planlarımızı bugünkü matçda həyata keçirə bildik. Qalib gəldiyimiz üçün sevinirəm.
– “Braqa” ilə matçdan fərqli olaraq, bugünkü görüşü cəmi 500-600 azarkeşin izləməsi barədə nə deyə bilərsiniz?
– Təbii ki, cümə axşamı ilə müqayisədə bu matçda azarkeş baxımından böyük fərq vardı. Belə olmasını istəməzdim. Azarkeşlərə səslənirəm ki, stadiona gəlsinlər, bizi dəstəkləsinlər. Azarkeş çox olanda stadiondakı ab-hava da tam başqa olur.
– Avropa Liqasının 1/8 final mərhələsində rəqibiniz “Bayer” oldu. Bu haqda fikirləriniz nədir?
– “Bayer”ə qədər hələ oyunlarımız var. İlk növbədə həmin matçlara köklənməliyik. Təbii ki, Leverkuzen təmsilçisi ilə görüşə də ciddi hazırlaşacağıq. Rəqib hər nə qədər güclü olsa da, yaxşı oyun sərgiləməyə çalışacağıq.
– Oyunlarınızın sıx qrafikdə olması barədə nə deyə bilərsiniz?
– Həftə arası çempionatda “Qəbələ” ilə, həftə sonu isə “Neftçi” ilə oyunumuz var. Baş məşqçimiz artıq bunların planlamasını hazırlayıb. Görürsünüz ki, bugünkü matçda da heyətdə rotasiya edilmişdi. Növbəti qarşılaşmalarda da belə olacaq. Ona görə də təqvimin sıx olmasının bizə çətinlik yaradacağını düşünmürəm.
Arena.az