“Qarabağ”ın müdafiəçisi Bəhlul Mustafazadənin müsahibəsi:
- Azərbaycan Premyer Liqasının 25-ci turunda “Neftçi” üzərində qazanılan 4:1 hesablı qələbəni necə şərh edərdiniz?
- Tamaşaçılar üçün maraqlı oyun oldu. Hesab “Neftçi”nin də xeyrinə ola bilərdi. Çünki rəqib çox təzyiq göstərirdi. Amma diqqətli olduq. Bizim üçün vacib matç idi. Buna görə də son ana qədər arxayınlaşmadıq. Qalib gəldiyimiz üçün sevinirik.
- Hesab arasındakı fərq azalandan sonra hansısa gərginlik yaşadınız? Çünki həmin vaxt “Neftçi” ikinci qolu vurmaq üçün çox təzyiq edirdi...
- Bəli, gərginlik var idi. “Neftçi”nin ikinci qolu da vurmaq üçün şansları oldu. Lakin bu təzyiqi dəf edə bildik. Əvəzində də əks hücumda rəqibi tutub, üçüncü və dördüncü qolları vurduq.
- “Neftçi”nin baş məşqçisi Miodraq Bojoviç nəticəni ədalətli hesab etmədiyini bildirib. Razısınız bu fikirlə?
- Əslində, bərabər səviyyəli oyun idi. Rəqibdən fərqli olaraq biz əlimizdə düşən fürsətləri daha yaxşı dəyərləndirdik və buna görə də qalib gəldik.
- Bu qələbə sayəsində ikinci pillədən 23 xal öndəsiniz və bu gedişlə 2-3 turdan sonra çempionluğu rəsmiləşdirəcəksiniz. “Qarabağ” növbəti çempionat oyunları üçün motivasiyanı hardan tapacaq?
- Bunu Qurban müəllim daha yaxşı bilər (gülür). Çünki bizi motivasiya edən odur. Yəqin bir yol tapacaq. Çempionluğu erkən rəsmiləşdirsək belə, bütün oyunlara maksimum dərəcədə ciddi yanaşmalıyıq. Formamızı qorumaq üçün bu, çox vacibdir.
- Yəqin ki, bu qələbə “Bayer”lə oyundan öncə komandaya müsbət təsir edəcək...
- Təbii ki, müsbət təsir edəcək. “Bayer”lə oyundan öncə derbidə qalib gəlmək bizim üçün çox önəmli idi. Yaxşı mübarizə apardıq. Düzdür, oyun ərzində bəzi səhvlərimiz var idi. Onları analiz edib, aradan qaldırmağa çalışacağıq.
- Komanda şəklində “Bayer”in oyununu izləmisiz?
- İmkan tapdıqda fərdi olaraq izləyirik. Ümumi məlumatlara malikik. Lakin yəqin ki, sabahdan məşqçilərimiz rəqib haqda bizi daha çox məlumatlandıracaqlar.
- Qeyd etdiniz ki, “Bayer”in oyununu fərdi olaraq izləyirik. Sizin fikrinizcə, indiki “Bayer” daha güclüdür, yoxsa qrup mərhələsində qarşılaşdığınız?
- Məncə, indiki. Hazırda Leverkuzen klubu daha yaxşı formadadır.
- Bəs “Qarabağ”?
- Biz də qrup mərhələsi ilə müqayisədə inkişaf etmişik. Ona görə də düşünürəm ki, bu dəfə “Bayer”ə qarşı daha yaxşı mübarizə aparacağıq.
futbolxeber.az