Ötən ildən dövlət AFFA vasitəsilə Premyer Liqadakı klublara 3 milyon manat verir. Həmin məbləğin 100 min manatı media və marketinq xərcləri üçün nəzərdə tutulmuşdu. Təəssüf ki, "Neftçi" xaric digər klublar vəsaiti yumuşaq şəkildə desək, təyinatı üzrə xərcləmədiklərinə və yaxud xərcləmək istəmədiklərinə görə məbləğ bu ildən 100 min manatdan təxminən 40 min manatadək aşağı salındı.
Bu mövsümdən fikir verirəm ki, bəzi klublar AFFA-ya hesabatlılıq üçün heç kimə faydası olmayan işlər üçün yeni əməkdaşlar cəlb ediblər. Xüsusilə də qapı arxasında olan videoqraflar. Oyundan olan görüntüləri "CBC Sport"un kameralarından pis-yaxşı izləyə bilirik.
Əl-qərəz klublarımız bu boş, mənasız işlərdən əl çəksinlər. Daha yaxşı və keyfiyyətli iş görmək, hesabat vermək üçün gedib əvəzedici komandanın, U-19 Gənclər Liqasının və digər yaş qruplarının oyunlarını yayımlasınlar. Hansı ki, çoxdandır bunu "Neftçi TV" cəmi 1 kamera ilə edə bilir.
U-19 və aşağı yaş qruplarının çempionatını AFFA təşkil etdiyindən, federasiya dövlət pulunun (oxu: bizim pulumuz) xərclənməsinə nəzarət edən təşkilat kimi oyunların yayımlanmasını tövsiyə, tələb etməlidir. Klublar da ya bu işi sevə-sevə görməlidir.
Elsəvər Muradzadə, Pressing.az