Azərbaycan milli komandası “FIFA series – Edition 2024” çərçivəsində sabah Monqolustan yığması ilə qarşılaşacaq.
Sportliqa.az xəbər verir ki, millimizin baş məşqçisi Arif Əsədov matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Komandamız toplanışa ayın 18-də start verib, 24 oyunçu toplanıb. Təəssüf ki, Aleksey İsayevin zədəsi ciddi olduğu üçün düşərgədən ayrıldı. Tez bir zamanda onun əməliyyata ehtiyacı var. Yeni oyunçularımız var. Bu matçlarda onlardan maksimum istifadə etmək istəyirik. Hər iki oyunda qalib gəlmək məqsədimiz var. Bu oyunlarda bəzi taktiki dəyişikliklərdən də istifadə edəcəyik. İki oyuna fərqli sistemlə çıxa bilərik.
- "Sumqayıt"dan oyunçu dəvət etməmisiz. Səbəbi nədir?
- Bütün komandaları izləyirik. Hər futbolçu üçün millinin qapısı açıqdır. "Sumqayıt"dan bir neçə namizdə var ki, diqqətimizdədir. Bu toplanış üçün düşünmədik. Amma toplanışın gedişində ehtiyac olarsa, çağırarıq.
- Hücumda Ramil, Musa və Renat yer alıb. Olmazdı ki, Orxan Əliyevi Monqolustanla oyunda sınayasız?
- Bu forvardlar öz klublarında oyun praktikasının azlığından əziyyət çəkirlər. Belə anlarda onları dəvət etməliyik. Hər biri ilə söhbət etmişəm. Ramil, Musa və Renatda ruh düşkünlüyü var. Onları klublarına yaxşı əhval-ruhiyyədə göndərmək istəyirik. Orxan da nəzərimizdədir. Əsas odur ki, özünə diqqət cəlb edib. Gələcək matçlarda onu da çağıra bilərik.
- Canni De Byazi uzun müddət Emil Mustafayevi milliyə dəvət etmədi. Onun haqda nə düşünürsüz?
- De Byazi olanda da Emil haqda danışmışıq. Sadəcə o dönəmdə lazım bilməyib. Bəlkə rəsmi oyunlar var idi deyə, dəvət göndərməyib. İndi belə fürstə düşdü, onu cəlb etmək istədik. Məşqlərdə iki gündür ki, iştirak edir. Pis görünmür. Oyunla məşq arasında böyük fərq var. Keyfiyyət baxımından hiss olunur ki, Ukrayna futbolunun təməli var.
- Rza Cəfərovu qapıda görəcəyik?
- Bura kim gəlibsə, oynamaq şansı var. O vaxt Emil Balayev gənc olsa da, onun xidmətindən istifadə etdik. Sonradan Almaniyaya yollandı. Hər şey ola bilər. Sabahkı matçda da bu addımı ata bilərik. Şahruddinin mikrozədəsi var. Bolqarıstanla da oyunumuz olduğu üçün bugünkü məşqdən sonra kimin qapıda dayanacağına baxacağıq.
- Hücum, yoxsa müdafiə futboluna üstünlük verərəcksiz?
- İki fərqli rəqiblə qarşılaşacağıq. Hərəsinin öz futbolu var. İlk oyunda hücum futboluna üstünlük verəcəyik. Çalışacağıq ki, digər matçda hər iki fazada balanslı şəkildə oynayaq. Evdəyik deyə, "bir nömrə" kimi oynayacağıq.
- Nəticədən asılı olmayaraq, məsuliyyəti kim üzərinə götürəcək?
- Mən öz işimi görürəm. Durğunluq dönəmində baş məşqçi mənəm. Əlimdən gələn nə varsa, edəcəyəm. Məsuliyyət baş məşqçinindir. Hansı qurumdan asılı olmayaraq, komandanı oyuna kökləyən, hazırlayan baş məşqçidirsə, məsuliyyət də onundur.
- Nəticə yaxşı olarsa, postunuzda qala bilərsiz?
- O haqda heç nə deyə bilmərəm. Qərarı mən vermirəm. Məsuliyyəti dərk edirəm. Çalışıram ki, bu günlərdə futbolçularla iş aparım, onlar da millinin nə qədər dəyərli olduğunu dərk etsinlər.
- Monqolustan millisi haqda fikriniz necədir?
- Rəqiblərlə bağlı ayyarımdır ki, analizlər aparırıq. Onların zəif və güclü tərəflərini uşaqlara deyirik. Monqolustan futbolu Avropadan seçilir. Amma rəqibimiz istəklidir. Müdafiədə kompakt şəkildə oynayırlar.
- Əsas nəyə diqqət yetirəcəksiz?
- Hər məşqçi üçün öz ölkəsinin əsas komandasını çalışdırmaq fəxrdir. Hər zaman demişdim ki, nə vaxtsa köməyə ehtiyac olarsa, buna təmənnasız hazıram. İndi "Neftçi"dəki dövrlərə qayıtdım sanki. Əvvəl orada köməkçi məşqçi idim, sonra baş məşqçi oldum. Altı ildən sonra komanda çempion oldu. Budəfəki vəziyyət də ona oxşayır.
- Qara Qarayev indiki performansı ilə milliyə qayıda bilər?
- Qara ilə məsələ bağlı qapanmayıb. Millinin qapısı onun üçün də açıqdır. Bu toplanışa daha çox hər mövqe üçün iki oyunçu çağırmışıq. Adətən 26-27 nəfər çağırırdıq. Hər mövqedə iki oyunçu var deyə, Qara dəvət edilmədi. Amma millinin oyunları var. Qara mənim siyahımda var.
sportal.az