Azərbaycan millisinin sabiq üzvü Əfran İsmayılovun müsahibəsini təqdim edirik.
- Azərbaycan millisinin Monqolustan və Bolqarıstanla oyunları barədə fikirlərini bilmək istərdik.
- Mən Monqlustanın adını eşidəndə dedim ki, nə əcəb belə oyun salmısınız? Dedilər bizlik deyil, FİFA təşkil edib. Monqolustan millisində futbola aid bir şey yox idi, 11 nəfərlə müdafiə olunurdular. Sanki millimiz məşq edirdi. Amma komandamızın qalib gəlməsi vacib idi. Qələbə qazanmasaydıq, böyük biabırçılıq olacaqdı. Bilirəm, belə oyuna köklənmək çətin olur. Yaxşı ki, sonda bir qol vurduq və çox söz-söhbətin qarşısı alındı. Bolqarıstan isə tam fərqli komandadır. Görürsən ki, futbol oynamağı bacarırlar. Amma əvvəlki Bolqarıstan millisi deyil.
Bizim millimiz onlardan üstün idi. Şanslarımız da çox idi. Amma komandamız eynilə Canni De Byazinin sistemi ilə oynadı. Mən start heyətinə baxan kimi dedim ki, çətinliklərimiz olacaq. Hələ Monqolustanla oyundan sonra demişdim ki, Ceyhun Nuriyev də oynamalıdır, Musa Qurbanlı da. Bolqarlarla görüşdə də elə ötürməni Ceyhun verdi, qolu isə Musa vurdu. Bu, yoldaşlıq oyunudur. Belə oyunlarda gənc futbolçulara şans vermək lazımdır. Demək olar ki, komanda üzvlərinin hamısı eyni səviyyədədir. Ona görə də Musa və Ceyhun kimi futbolçuları elə ilk dəqiqələrdən meydana buraxmaq lazım idi. Millimizin məşqçisi Arif Əsədov nə fikirləşirdi, bilmirəm, amma bu oyunçuları çağırmısansa, yoxlamalısan.
- Səncə, Arif Əsədovun hər hansı oyun dəsti-xətti görünmədi?
- Özü də dedi ki, mən De Byazi ilə 3 il elə-belə işləməmişəm, o nə edibsə, götürmüşəm. Düzdür, vaxt az idi, komanda ilə bir yerdə çox ola bilməyib, amma Arif müəllim göstərməli idi ki, hansı oyun üslubunu seçir, komandadan nə istəyir. Göstərdiyi o oldu ki, mən müdafiədən oynayacam. Bolqarıstanla oyundan danışıram. Belə rəqibə qarşı oyunu ön xətdə qurmaq lazımdır. Çünki biz onlardan zəif deyildik. Bir az hücumlarımızı artırsaydıq, Bolqarıstanı oynamağa qoymazdıq. Bir neçə qol vurmaq olardı.
- Monqolustan millisində futbola aid heç nə olmadığını dedin, amma bu komanda ilə oyuna görə milli üzvlərinə mükafat ayrılıb. Bu məsələyə necə baxırsan?
- Biz millidə heç vaxt mükafat barədə düşünməmişik. Özümdən danışıram. Onsuz da klubumuzda yetərincə mükafat alırdıq. Almasaq belə, söhbət millidən gedirsə, pul haqda fikirləşməyə dəyməz. Mənim üçün millli komanda qürur yeridir. Əgər milli komandada pulu düşünsən, oynaya bilməyəcəksən. Hazırda heç bir millidə belə oyunlara görə mükafat vermirlər. Mən maraqlanmışam. Futbolçular özləri deyir ki, bizə mükafat lazım deyil. Milli komandaya gələn futbolçuların 99 faizi səviyyəli klubda oynayır. Yəni onsuz da onlar o pulu qazanırlar. Sən milliyə gəlirsənsə, beynində pul yox, ölkənin bir nömrəli komandası və onun uğuru olmalıdır. Bunun üçün də o şeyləri dərk edən futbolçuları milliyə çağırmaq lazımdır. Gedib Almaniyanın hansısa bir küncündən futbolçu tutub gətirəndə nə faydası olacaq ki? Yaxud Filip Ozobiç, Eddi İsrafilov... Bunlar milliyə nə xeyir verəcək? Biri pulu düşünür, biri düşərgəni tez tərk etməyi. Bunları düşünən futbolu komandaya heç bir xeyir verə bilməz.
- Mükafat da məhz o futbolçulara görə verilir ki, millidə oynasınlar.
- Əlbəttə. Onsuz da bunlara pul verib milliyə gətirirlər. Vallah yersizdir. “Qəbələ”nin üzvü Emil Səfərov Eddidən də üstündür, Ozobiçdən də. Onu mərkəzdə oynatsaq, onlardan qat-qat xeyirli olar. Biz inkişaf istəyiriksə, belə futbolçular oynamalıdır. Onsuz da milliləşdirilənlər xeyir vermədi. Bundan sonra da verəsi deyil. Gənc və yerli futbolçuları meydana buraxıb Millətlər Liqasına hazırlamaq lazım idi.
- Qonşu Gürcüstan millisinin Avro-2024-ün final mərhələsinə vəsiqə qazanması haqda nə düşünürsən?
- Bir tərəfdən sevinirik. Çünki qonşu ölkənin komandadır, əlaqələrimiz var, bizdə gürcü futbolçular çox oynayıb. Həm də üzülürük ki, biz belə sevinci nə vaxt yaşayacağıq. Baxırsan ki, Georgi Adamiya və digər bizdə oynayan futbolçular sosial şəbəkə hesabında paylaşım edir. Adamın yaxşı mənada paxıllığı tutur.
- Səncə, nə etməliyik, nəyi dəyişməliyik ki, biz də gürcülər kimi sevinə bilək?
- Mən Gürcüstanda çox olmuşam. Sonuncu dəfə “Səbail”lə ora gedəndə maraqlandım və gördüm ki, futbol sahəsində çalışanların hamısı keçmiş oyunçulardır. Klubda, milli komandalarda ancaq keçmiş futbolçular işləyir. Orda heç bir sabiq futbolçu işsiz deyil. Futbolu bilən adamları bu sahəyə təyin edirlər. Onlar da əsl futbolçu yetişdirir. Gürcüstana lazım olan vaxt keçdi və işin nəticəsini gördülər. Həm futbolçu yetişdirib Avropaya göndərirlər, həm də Avropa çempionatının final mərhələsinə vəsiqə qazanırlar. Bizim uşaqlar məsələn, Rahid Əmirquliyevin, Ruslan Abışovun oyunu ilə böyüyüblər. Klubda və millilərdə belələri işləməlidir. Başa düşürəm, lap yuxarılarda başqa cür ola bilər, amma ümumən götürəndə komandalarda keşmiş futbolçular çalışmalıdır. Hazırda bizdə nə qədər işsiz keçmiş futbolçu var.
Mənbə: qol.az