Avropa Liqasının 1/16 final mərhələsinin "Braqa" ilə cavab matçında Elvin Cəfərquliyev qırmızı vərəqə alaraq komandanı çətin vəziyyətdə qoymuşdu. Azlıqda qalıb böyük çətinliklərlə üzləşən "Qarabağ" əzmkarlıq göstərərək növbəti mərhələyə adlaya bilmişdi.
Həmin oyundan sonra keçirilən mətbuat konfransında Qurban Qurbanova Elvinlə bağlı sual da vermişdilər. Təcrübəli mütəxəssis fufbolçuya dəstək vermiş, ona arxa çıxmışdı.
"Bayer"lə ilk oyunu buraxan Elvin Cəfərquliyev almanlarla səfər matçında meydana çıxdı. Sol cinah müdafiəçimiz bu oyunda da qırmızı vərəqə aldı. Hamı şokda idi. "Qarabağ"ın azlıqda "Bayer"in təzyiqinə tab gətirə biləcəyi inandırıcı deyildi. Yəqin Elvin özü də bunu başa düşürdü. Bəlkə də elə buna görə, gördüyü qırmızı vərəqədən sonra Cəfərquliyev anlaşılmaz hərəkətlər etməyə başladı. Qəribə tərzdə baş hakim Entoni Teylorun əlini sıxmaq istəyirdi. Bu, daha çox məhəllədə sözü çəpləşən iki dəliqanlı cavanın söz-söhbətindəki ironik və aqressiv əl sıxmaya bənzəyirdi...
Həmişə "Qarabağ"ın heyətində ən yaxşılardan olan Cəfərquliyevin başına gələnləri bir az bəxtsizlik, bir az da hakimlərin sərt qərarlarına bağlayıb üstündən keçmək olardı. Lakin millimizin Bolqarıstanla oyununda yaşananlar həyəcan siqnalı oldu. Deyəsən, Elvin Cəfərquliyevin psixoloji problemləri yaranıb.
Cəfərquliyev Bolqarıstanla oyunda çox aqressiv görünürdü. Hakimlərin ünvanına təhqirləri göylərdə uçuşurdu. Yoldaşlıq oyununda bu cür nümayişkaranə çılğınlıq nəyə lazımdı...
Qurban Qurbanovu yaxşı tanıyırıq, çox səbrli adamdı. Amma səbrli olduğu qədər də sərtdi. Çətin ki, Elvinin dəlisov davranışlarına çox göz yumsun. Belə davam etsə, Elvinin "Qarabağ" karyerası uzun çəkməyəcək.
Elvinə məsləhətimiz odur ki toparlansın. Hətta ehtiyac duyursa, psixoloqa müraciət etsin. Bizdə psixoloqun adı çəkilən kimi, çoxunun ürəyinə pis gəlir. Elə bilirlər ki, psixoloqların yanına dəlilər gedir. Xeyr, ən sağlam adam belə psixoloqun qəbuluna yazılıb, sıxıntılardan, əsəbi gərginlikdən qurtulmağın yolunu tapa bilər.
Elvin Cəfərquliyev ölkəmizin ən yaxşı futbolçularındandır. Amma bu davranışla ona çətin olacaq. Gec ya tez Qurban Qurbanovun da səbri bitəcək. "Qarabağ"dan gedənlərin isə sonrakı aqibəti göz qabağındadır.
Həmid / sportal.az