"Neftçi” və "Qarabağ” arasında baş tutan qarşılaşmaların prinsipiallığı hər kəsə məlumdur.
Bu prinsipiallıq meydançadan kənarda da davam etməsinə baxmayaraq, bəzən müəyyən sərhədləri aşır, "qırmızı xətt”i keçir. Belə xoşagəlməz hallardan biri də Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində baş tutan "Neftçi” - "Qarabağ” görüşündə yaşandı. Stadiona toplaşan "İmarət” azarkeşləri "Qarabağ”ın sabiq futbolçusu, yetirməsi və hazırda "Neftçi”nin formasını geyinən Qara Qarayevi təhqir etdi. Vaxtilə "Qarabağ”ın uğurlarında əsas rol oynamış, aparıcı futbolçulardan biri olmuş Qarayevə qarşı bu cür münasibət əslində, klubun tarixinə xəyanət sayılır. Azərbaycanın ən yaxşı yerli, istedadlı futbolçularından sayılan keçmiş "Qarabağ”lıya qarşı təhqirlər isə artıq iyrəncliyin, səviyyəsizliyin göstəricisidir. Yəni özlərini "azarkeş” adlandırsalar da, onlar bu addımları ilə Qurban Qurbanov kimi baş məşqçisi olan "Qarabağ”a yaraşmadıqlarını bir daha sübut etdilər. Hansı ki, "İmarət”in əvvəlki vaxtlarında bu kimi iyrəncliklərə, səviyyəsiz hərəkətlərə yol verilmirdi. Futbolçulara, rəqiblərə təzyiqlər həmişə olub, olmalıdı. Amma keçmiş "İmarət”çilər bunu daha mədəni və xoşagələn formada edirdilər.
Elə sözügedən azarkeş klubunun yaradıcılarından olan Elnur Quliyev də Qaynarinfo-ya açıqlamasında indiki azarkeşlərin bu addımını bəyənmədiyini söylədi:
"Bilirsiniz ki, "İmarət” azad azarkeş qrupudur və heç vaxt kimlərinsə diktəsi ilə hərəkət etməyib. Ancaq azarkeş qrupu yaranandan bəri həmişə təhqirə, söyüşə qarşı olmuşuq. Düzdür, azarkeş çılğın olmalıdır. Amma heç vaxt kimlərinsə, hətta hakimlərin də söyülməsinə düzgün baxmamışıq. Bu, əslində mentalitet deyil, kişilik məsələsidir. Hələ mədəniyyəti filan, kənara qoyaq. Hər şeydən əvvəl, söyüşün iki başı var. Nəyə görə kimisə söyməlisən? İkincisi və ən başlıcası budur ki, Qara Qarayev bu söyüşlərə layiq deyil. Həmin vaxt mən də orada idim, açığı utandım və tribunadan kənara çıxdım. Qara uzun zaman "Qarabağ”da çıxış edib, canını qoyub. Ən əsası da "İmarət”lə yaxşı münasibətdə olub”.
Quliyev yeni gələnlərin özlərini "Ultras” adlandırmasını qəbul etmədiyini də vurğulayıb:
"Mən onların özlərinə "Ultras” demələrini qəbul etmirəm. Sonradan gələn nəsil özlərini "Ultras” adlandırır və bu, mənə çatmır. Əslində, bir qədər də sərbəstdirlər, bu şəraiti onlara biz yaratmışıq. Lakin bəzən azadlıq həddini aşır. Biz onlarla söhbət edirik. Amma məsələn, mən 100 nəfərin ağzını tuta bilmərəm. Kimsə eşidər, ya yox. Döyüləsi, söyüləsi də deyillər. Bəlkə də böyüklərin sözlərini dinləmək istəmirlər. Düzdür, dinlədikləri məqamlar da olur. Amma bu kimi məsələlərdə yəqin ki, dinləmirlər. Qarayev söyülməyə layiq insan deyil. Hə, kimsə "Qarabağ”a, bu camiəyə, azarkeşlərə hörmətsizlik edə bilər. O zaman azarkeş həmin şəxsi və ya şəxsləri yerinə "oturda” bilər. Mən müəyyən formada bunun edilməsinə qarşı deyiləm”.
O, təzyiq göstərmək üçün təhqirlərə ehtiyac olmadığını düşünür:
"Biz də təzyiqlər etmişik. Hətta bir dəfə elə təzyiq göstərmişdik ki, rəqib komanda oyunçunu Ağdama gətirməmişdi. Söymək təzyiq deyil. İctimai təzyiq yaratmaq lazımdır. "Ultras”lıq odur ki, rəqibi daim gərginlikdə saxlayasan. Belədə rəqib futbolu yaxşı oynaya bilmir. Azarkeşlik budur, bəs niyə "12-ci oyunçu” deyirlər? Ancaq təhqir düzgün deyil. Həmin "İmarət”çilərin belə hərəkətinə qarşıyam. Qarayev şəxsiyyət olaraq buna layiq deyil. Bir də ki, o, "Qarabağ”dan öz istəyi ilə getməyib. Düşünürəm ki, Azərbaycanda Qaraya istədiyi maaşı verəcək klub "Qarabağ”dan sonra "Neftçi”dir. Amma məsələn, "Bakı”, "Xəzər Lənkəran”, "İnter” olsa, düşünürəm ki Qarayev məhz "Neftçi”ni deyil, daha az maaşa belə bu klublardan birini seçərdi. Ona qalsa, Zaur Tağızadə, Qurban Qurbanov da "Neftçi”dən gəlib. Konkretləşdirsəm, şəxsən azarkeşlərin bu hərəkətinə qarşıyıq. Şəxsən həmin təhqirləri eşidəndə utanıb o tribunada olmaq istəmədim. Lakin biz onların işlərinə qarışmırıq. İstərdik ki, bu kimi şeyləri mətbuat vasitəsilə deyil, şəxsən özləri ilə danışaq və bizi dinləsinlər”.
qaynarinfo.az