Azər Bağırovun istefa verməsi üçün yanvardan bəri əlindən gələni əsirgəməyənlər istəklərinə çatdılar. Əslində "Araz Naxçıvan"ın bu vəziyyətdə Premyer Liqaya buraxılmasının özü səhv addım idi. İctimaiyyəti aldatdılar ki, avqustun sonuna Naxçıvan stadionu hazır olacaq, sonra dedilər ilin sonuna, sonra da məlum oldu ki, ümumiyyətlə, bu mövsüm stadion hazır olmayacaq.
Sual yaranır: bölgə futbolunun inkişafı naminə elitaya buraxılan bir komanda mövsüm boyu bir dəfə də olsun doğma publika önündə oynamayacaqdısa, bunun Naxçıvan futboluna, Naxçıvan azarkeşlərinə nə faydası? Mövsüm boyu Bakıda köçkün həyatı sürən komanda məhz Azərin sayəsində qışa qədər iddialılar sırasında yer aldı, avrokubok şansını qorudu.
Qışdan sonra istər meydanda, istərsə də meydandan kənarda hansı oyunların getdiyini kənardan sezmək çətin deyildi. Yekunda komandadan ən sonda getməli olan adam ən birinci getdi. Yaxşı da elədi getdi. O mühitdə işləməkdənsə, getmək daha məsləhət idi.
Anar Xanlarov