Bəhlul Mustafazadə Lent.az-a geniş müsahibə verib:
- Premyer liqada 11-ci dəfə çempion oldunuz. Ümumilikdə mövsümü necə dəyərləndirərdiniz?
- Həm avroliqa, həm də ölkə çempionatı bizim üçün yaxşı keçdi. Xüsusilə Avropa Liqasında 1/8 final mərhələsində “Leverkuzen”i keçməyə çox yaxın idik. Əlbəttə ki, bizdə hələ də bunun məyusluğu qalıb. Amma ümumilikdə götürsək, demək olar ki, hər şey istədiyimiz kimi keçdi. Avroliqada uğurlu mövsüm keçirtdik. Gələn mövsümlərdə Avropa Liqasında final mərhələsinə yüksəlib, kuboku əldə etməyə çalışacağıq.
- Amma bununla yanaşı “Bayer 04”lə son oyundan sonra ən çox tənqid olunanlardan biri də siz idiniz. Əlbəttə ki, bu futboldur. Yeri gələndə təriflənir və ya tənqid olunursunuz. Ümumiyyətlə, bəs, sizin tənqidlərə reaksiyanız və ya münasibətiniz necədir?
- İstər tənqid olsun, istəsə də tərif, bunlara maksimum dərəcədə az qulaq asmağa çalışıram. Tənqid olunduğum zaman bunun nə qədər obyektiv olduğuna diqqət yetirirəm. Deyirlər ki, "niyə o qolu vura bilmədin". Bu dünyada o qolu vurmağı ən çox istəyən mən idim. Həmçinin stadionda və ya kənarda izləyən bütün “Qarabağ” ailəsi bizim turu keçməyimizi çox istəyirdi. Təəssüf ki, bəzən alınır, bəzən isə alınmır. Bu tip məqamlarda çox da psixoloji olaraq özünə yüklənməməlisən. Çünki qeyd etdiyiniz kimi bu futboldur və oyunlar davam edir. 3 gün sonra yenidən bir oyuna çıxırsan və bu psixologiyada oynamaq oyunun da keyfiyyətinə mənfi təsir edə bilər. Məhz bu səbəbdən həm tənqidləri, həm də tərifləri çox da diqqətə almamağa çalışıram. Önəmli olan baş məşqçinin verdiyi tapşırıqlar və tənqidlərdir. Onun tənqidlərindən nəticə çıxardıb, daha yaxşı səviyyədə oynamaq vacibdir.
- Bəhlul, “FIFA series - Edition 2024” layihəsi çərçivəsində Azərbaycan və Monqolustanın futbol üzrə milli komandaları qarşılaşdı. Matçda yeganə qolu siz vurdunuz. Bu həm də sizin millidə ilk qolunuzu idi. Bu, sanki tənqidlərə bir cavab idi…
- Düşünmürəm ki, bu hal hər hansı tənqidə bir cavab olsun. Futbolda hər hansı bir mənfi və ya müsbət situasiyanı elə də böyütməmək lazımdır. Çünki 3 gün sonra yenidən yeni bir oyun olur. Artıq hər oyunda yenidən özünü sübut etməyə məcbursan. Ona görə də psixoloji olaraq bu tip məsələlərə çox diqqət yetirməmək və növbəti oyunlara mükəmməl səviyyədə hazırlaşmaq lazımdır.
- Bəs, siz öz performansınızı bəyənirsiniz?
- Futbol elə bir anlayışdır ki, daim inkişaf etməli və hər hansı bir çatışmazlıq varsa, bunu bərpa etməlisən. Bəzi məqamları bəyənsəm də, daha da yaxşı olacağımı bilirəm. Məhz bu səbəbdən düzəltməli olduğum məqamlar daha çoxdur. Performansımla bağlı çatışmazlıqlarımın fərqindəyəm. Buna görə də daim öz üzərimdə çalışıb, bunları aradan qaldırmağa çalışıram.
- Biraz da “Kür-Araz”ın baş məşqçisi atanız Ələmdar Mustafayevdən söz açaq. Atanızın karyeranızda hər hansı bir təsiri varmı?
- Əlbəttə ki, var. Bu gün istənilən qərarda atamla məsləhətləşirəm. Hər oyundan sonra telefonla danışırıq. Həmin oyundan sonra hər zaman hansı məqamda nəyi yaxşı etdiyimi, nəyin çatışmadığını bildirir. Bəlkə də məni ən çox tənqid edən şəxs atamdır. Atamdan o qədər də çox tərif eşitməmişəm. Elə bir tərzdə tərifləyir ki, anlaya bilmirəm ki, məni tərifləyir, yoxsa tənqid edir (gülür).
- Uğursuz çıxış etdikdə bəs?
- Atam futbol adamıdır. Bilir ki, bütün bunlar işin bir parçasıdır. Hazırda yaxşı oynayıramsa, gələcəkdə hər hansı bir oyunda pis oynamaq ehtimalım da var. O da, bütün bunların fərqindədir.
- Atanızın baş məşqçisi olduğu “Kür-Araz” komandasını da yaxından izləyirsiniz...
- Bütün oyunlarını izləməyə çalışıram. Komanda olaraq yaxşı oynayırlar. Daha çox qol epizodları yaradırlar. Təəssüf ki, bəsit qollar buraxırlar deyə bəzən məğlub olurlar. Ümumilikdə komandanın sərgilədiyi oyun xoşuma gəlir.
- Bəhlul, tənqidlərdən söz açmışkən, bəs, baş məşqçiniz Qurban Qurbanovun sizi ən çox tənqid etdiyi mövzu hansıdır?
- İstər meydançada olsun, istərsə də meydançadan kənarda olan davranışlara çox diqqət yetirir. Bu barədə hər hansı bir situasiya yarandıqda dərhal xəbərdarlığını edir.
- Xoşuna gəlməyən hərəkət edəndə nə isə deyirmi sizə? Öz fikirlərini hansı tərzdə ifadə edir?
- Əlbəttə ki, əsəbiləşir. Daha sonra isə əgər hər hansı bir səhv etmişiksə, bu barədə öz məsləhətlərini verir. Normal vəziyyətlərdə fikirlərini çox sakit bir şəkildə bildirir. Qurban müəllimin də sakit şəkildə reaksiya verməsi belə futbolçulara bəs edir. Amma bəzən yüksək tonda da reaksiyalar verir.
- Bəs, məşq vaxtı baş məşqçinin hər hansı cəzaları olurmu?
- Cəzaları yox, əksinə bonusları olur (gülür). Oyunda da həmçinin yaxşı qol vurduqda və ya hər hansı bir yaxşı hərəkət etdikdə hər zaman qiymətləndirir.
- Deyilənlərə görə, Qurban Qurbanov kənardan başqa cür görünür, daxilində isə tamam başqa biridir. Bəs, siz onu necə tanıyırsınız?
- Qurban müəllim çox səbirli və diqqətcil insandır. Çünki həm meydanda, həm də meydandan kənarda baş verən hər şeyə xüsusi önəm verir və diqqət yetirir. Həmişə futbolçuların daha yaxşı inkişaf etməsi və daha mükəmməl səviyyəyə gəlməsi üçün çalışır. Bundan əlavə, Qurban müəllim həm də güvənilən bir dostdur. O, futbolçulara öz övladı kimi yanaşır. Əgər, bir problemimiz varsa, hər zaman əlindən gələnini etməyə çalışır. Bilirsən ki, Qurban müəllim burdadı və hər hansı bir problem olsa, ona rahatlıqla deyə bilərsən.
- Son zamanlarda haqqınızda başqa klublara keçməyinizlə bağlı xəbərlər yayıldı. Bəs sizin transfer məsələnizə baş məşqçi necə baxır?
- Açığı bu barədə Qurban müəllimlə danışmamışıq. Çünki vacib oyunlar ərəfəsində idik və bu məsələləri danışmağa o qədər də vaxt yox idi. Yəqin ki, yaxın vaxtlarda bu barədə danışarıq.
- Bəhlul, hazırda sosial şəbəkələrə nəzər salsaq, görərik ki, bəlkə də ölkədə ən çox sevilən futbolçulardan birisiniz. Xüsusilə də qızlar tərəfindən. Yəqin ki, bunun fərqindəsiniz…
- Əgər, belədirsə, nə xoş mənə (gülür). Əlbəttə ki, insanlar tərəfindən sevilmək çox yaxşı bir şeydir. Amma hər zaman bunun mənfi tərəfinə də özümü hazırlayıram. Çünki bir epizod səni qəhrəman da edər, biabır da. Ona görə də, hər zaman bu balansı qorumağa çalışıram.
- Karyeranızla bağlı başınıza gələn ən maraqlı hadisə nə olub?
- Tofiq Bəhramov adına stadionunda məşq edərkən "çerez sebya" (başın üzərindən vurulan qol-red.) vurdum. Həmin an başım yerə dəydi. Daha sonra isə məşqə davam etdim. Bir də gözümü açanda fərqinə vardım ki, palatadayam. Nə baş verdiyini anlaya bilmirdim. Öyrənmək üçün Toral Bayramova zəng etdim. O da təəccübləndi ki, bayaq birlikdə məşqdə idik, necə xatırlamırsan? Sən demə, "çerez sebya"nı vuran zaman başım yerə dəyib və sarsıntı keçirmişəm. Həmin andan sonra heçnəyi xatırlamıram. Qoldan sonra ayıq idim. Amma gözümü palatada açdıqdan sonrakı məqamları xatırlayıram. Ətrafımdakılardan soruşduqda mənə məşqdə yıxıldığımı və sarsıntı keçirdiyimi izah etməyə çalışdılar. 10 saniyədən sonra isə yenidən unudur və yenidən mənə nə olduğunu soruşurdum. Bu hal dəfələrlə təkrarlandı. Bəlkə də eyni sualı 15-20 dəfə soruşmuşam. Həmin günü hələ də xatırlamıram. Bazaya gəldikdən sonra uşaqlar mənə həmin günlə bağlı maraqlı bir hadisəni də danışdılar. Deməli, həmin məşqdən sonra Aleksey İsayevlə duşda qarşılaşdıq. Ona təəccüblə baxıb demişəm ki, sən nə edirsən burda? Sən axı "Sabah"da oynayırsan. Halbuki Aleksey həmin vaxt artıq 3 həftə idi ki, bizim komandada idi. Bu hadisədən sonra artıq komandanın tibb heyəti sarsıntı keçirdiyimi anlayıblar. Hətta həmin hadisədən sonra məndən soruşublar ki, maşının hardadır? “Səni evə aparaq”. Mən də soruşmuşam ki, mənim maşınım var? Xəstəxanaya gedəndə, müayinə etdikləri zaman da oyaq olmuşam, amma xatırlamıram. Hələ də heç nə xatırlamıram.
- Bəs, karyeranızla bağlı ən unudulmaz gün hansıdır?
- Milli komandada oynadığım ilk matçı heç vaxt unutmaram. 2019-cu ildə Kardiffdə Uels yığmasına qarşı oynayırdıq. Həmin matçda ilk dəfə idi ki, təxmini 35 min azarkeşin qarşısında oynayırdım. Normalda unutqan biri olsam da, hələ də həmin oyunun bütün detallarını çox yaxşı xatırlayıram.
- Bəhlul, futboldan başqa nə kimi məşğuliyyətlərin var?
- Zamanımın çox hissəsini komandanın bazasında keçirdirəm. Digər vaxtlarda isə evdə oluram. Bəzən şahmat oynayır, bəzən isə kitab oxuyuram. Bundan əlavə hazırda piano çalmağı öyrənməyə çalışıram. Amma hələ o qədər də yaxşı alınmır (gülür).
- Bir futbolçuda lazım olan ilk şey nədir?
- Düşünürəm ki, xarakterdir. Çünki bu uzun bir yoldur. Tərif və tənqidlərə tab gətirmək lazımdır. Futbolçu şəxsiyyət olaraq çox yaxşı formalaşmalıdır ki, bu uzun yolda uğurla addımlaya bilsin.
Arzu Qurbanlı
FOTOLAR: Rüfət Mustafayev