"Qarabağ”ın qapıçısı Andrey Lunyov Rusiyanın tanınmış “İzvestiya” qəzetinə geniş müsahibə verib.
32 yaşlı futbolçu Ağdam klubu ilə bağlı bir sıra suallara da cavab verib:
- "Qarabağ"la Avropa Liqasının 1/8 finalına yüksəldiniz, amma daha da irəliləyə bilərdiniz, "Bayer"i (2:2, 2:3) az qala mübarizədən kənarlaşdırmışdınız. Sabiq klubunuza sizə az şans verməklə səhvə yol verdiyini sübut etmək istəyirdiniz?
- Kiməsə nəyisə sübut etmək - xeyr, belə motivasiyam yox idi. Motivasiya Avropa Liqasında mərhələ adlamaq və qarşımıza qoyulan hədəfə çatmaq idi. Bunu etmək istəsəm də, təəssüf ki, alınmadı.
- "Qarabağ" Azərbaycan çempionatında böyük xal fərqi ilə dominantlıq edir. "Ufa" və "Zenit"də çıxış etdiyiniz mövsümlərdəki komandaları yada salsaq, orada nə qədər rəqabətədavamlı olardı?
- Ümumən müqayisə etmək çətindir. Amma "Qarabağ"ın bu mövsüm ən yaxşı oyunlarını, Avropa Liqasının pley-off matçlarını götürsək, düşünürəm ki, Rusiya Premyer Liqasının istənilən klubu ilə asanlıqla oynaya bilərdik. O başqa sualdır ki, nəticə necə olardı. Ancaq dəqiq Rusiyanın bütün top-klublarına qarşı əsl mübarizə aparardıq. Oynadığımız futbola baxmısınızsa, bunu bacaracağımızı başa düşəcəksiniz.
- "Qarabağ" kimi çempionatın sonuna 8 tur qalmış qızıl medalları təmin etmiş başqa komandanı xatırlamaq çətindir. Avropa Liqasındakı sıx qrafikə baxmayaraq, cari mövsüm liqada bu qədər dominantlıq etməyi necə bacardınız?
- Düşünürəm ki, işə düzgün yanaşma sayəsində. O mənada ki, hər oyunda maksimum konsentrasiya bütün 90 dəqiqə ərzində saxlanılıb. Sıx təqvimə və digər məsələlərə baxmayaraq. Bir çox rəqib buna hazır deyildi. Məşqçilər korpusunun düzgün sözləri və motivasiyası, heyətin rotasiyası baxımından səriştəli yanaşma da öz təsirini göstərdi.
Həkimlər heyətinin məşqçilərlə birgə əməyini qeyd etmək istərdim ki, onlar bizi bacarıqla hər matça optimal vəziyyətə saldılar. Və əlbəttə, futbolçuların özlərinin peşəkarlığı, işə yanaşması haqda demək lazımdır. Hər oyuna motivasiyalı, yalnız qələbə qazanmaq arzusu ilə çıxırdıq. Bütün bu amillər nəticəyə təsirini göstərdi. Ola bilsin ki, bunda rəqiblərin problemləri də rol oynadı, lakin onların adından danışmaq çətindir. Çempionatın son oyunlarında mümkün qədər çox xal toplamaq üçün mövsümün sonuna bu motivasiyanı qorumaq lazımdır. Üstəlik qarşıda hələ Azərbaycan Kubokunun yarımfinalının cavab matçı var. Mövsümü iki kubokla başa vurmaq əla olardı.