Dünən basketbol üzrə Azərbaycan Kubokunun final görüşü keçirilib. Həlledici oyunda “Xəzri” və “Neftçi” komandaları üz-üzə gəlib. “Sərhədçi” İdman Mərkəzində baş tutan matç maraqlı idman mübarizəsi şəraitində keçsə də, qarşılaşmanın təşkilatçılığı barədə yüksək fikirlər səsləndirmək olmaz. Hətta deyırdik ki, matçın təşkilatçılığı biabırçı səviyyədə idi.
İlk növbədə təhlükəsizliklə bağlı nöqsanları qeyd etmək lazımdır. Təsəvvür edin ki, kompleksin giriş qapısında bir nəfər belə mühafizəçi yox idi. Kim istəyirdi, əlini-qolunu sallayıb içəri keçirdi. Yüzlərlə insanın, dövlət rəsmilərinin cəmləşdiyi məkanın təhlükəsizliyinə bu cür qeyri-ciddi yanaşma yolverilməz haldır.
Azarkeşlərin zala sərbəst daxil olması, hər hansı bilet satışının təşkil edilməməsi normal haldır. Təşkilatçılar bununla matça marağı artırmaq istəyiblər. Lakin ən azı qapıya bir nəfər qoyub, içəri kimlərin, necə keçməsinə nəzarət etmək olardı.
“Sərhədçi”də tez-tez olan həmkarlar bilir, mərkəzi sektorlardan birində 15-20 nəfərlik yer jurnalistlər üçün ayrılıb. Dünən də gənc bir oğlan həmin qeyri-rəsmi “media sektor”a nəzarət edib orada kənar şəxslərin əyləşməsinə mane olurdu. Sevindik ki, girişdə olmasa da, heç olmasa burada nəzarət var. Lakin az sonra məlum oldu ki, həmin yoldaşın gücü ancaq azyaşlılara çatırmış. Çünki yerimizə əyləşəndən 5 dəqiqə sonra “media sektor”da jurnalistdən çox kənar şəxs var idi. Sağ cinahda hansısa idarənin əməkdaşı olduqları hiss olunan orta yaşlı xanımlar yer aldı. Loru dildə desək, giriş qapısı kimi, “media sektor” da bazara döndü...
Media demişkən, Azərbaycan Basketbol Federasiyasının jurnalistlərə qarşı biganəliyi də xoş deyil. Dünən matçı maksimum 10 jurnalist izləyirdi. Ola bilər çaya, kofeyə imkan yoxdu, heç olmasa fasilədə havanın isti olduğunu nəzərə alıb, jurnalistlərə su vermək bu qədərmi çətin idi? Ola bilər federasiya əməkdaşları kompleksin daxilində fəaliyyət göstərən kafeteriyanın alverini “öldürmək istəməyiblər”. Düşünüblər ki, qoy 10-15 su daha çox satılsın. Jurnalistlər də əziyyət çəkib suyu ordan alsınlar... Amma məşhur filmdə deyildiyi kimi, “iş sosiskada deyil, vnimatelni olmaqdadı”...
Futbolxeber.az