“Qarabağ” klubunun yarımmüdafiəçisi Patrik Andradenin müsahibəsini təqdim edirik:
- Ölkə kubokunun yarımfinal mərhələsinin cavab oyununda “Neftçi” üzərində qazanılan 4:1 hesablı qələbə barədə nə deyə bilərsiniz?
- Matç bizim üçün yaxşı keçdi. Görüşə ciddi hazırlaşmışdıq. İlk oyunda qələbə bizi arxayınlaşdırmamışdı. Səfər qarşılaşmasında olduğu kimi, cavab görüşündə də qalib gəlməyi çox istəyirdik. Buna da nail olduq.
- İlk görüşdəki 4:0 hesablı qələbədən sonra cavab matçına necə motivasiya ola bildiniz?
- Dediyim kimi, bizim üçün təkcə mərhələ adlamaq yox, həm də hər iki oyunda qələbə qazanmaq vacib idi. Baş məşqçimiz də bizdən bunu tələb edirdi. Bildirirdi ki, ilk matçdakı qələbəyə baxmayaraq, arxayınlaşmaq olmaz.
- Həm ev, həm də səfər matçında 4 qolla qələbə qazandınız. Bu iki görüşü necə fərqləndirərdiniz?
- İlk matç daha çətin keçdi. Düzdür, cavab görüşündən fərqli olaraq həmin oyunda rəqib fərqlənə bilməmişdi. Ümumilikdə, hər iki görüş sürətli alındı. 4 qolluq qələbələr yekunda üzümüzü güldürür. Komandada hər kəs xoşbəxtdir. Qələbəni bayram edirik.
- Artıq finaldasınız. “Qarabağ” mövsümü “qızıl dubl”la başa vura biləcək?
- Bizim yalnız bir məqsədimiz var – kuboku qazanmaq. Yalnız qələbə üçün oynayacağıq. Hamı final matçına yüksək motivasiya ilə çıxacaq. "Zirə" üzərində qələbə qazanıb kuboka sahib olmaq istəyirik.
- Rəqib haqda düşüncələriniz necədir?
- “Zirə” yaxşı komandadır. Onlarla oyunlarımız demək olar ki, həmişə çətin və gərgin keçir. Budəfəki matç da istisna olmayacaq. Lakin istənilən halda biz meydana qələbə üçün çıxacağıq. Mövsümü iki titulla başa vurmaq istəyirik.
- Həftəsonu çempionatda "Sumqayıt"ın qonağı olacaqsınız. Həmin görüşdən gözləntiləriniz nədir?
- Bu oyuna hazırlaşmaq üçün qarşıda 3 gün vaxtımız var. Hər bir oyuna qalibiyyət üçün çıxırıq. “Sumqayıt”la matçda da məqsədimiz dəyişilməz olaraq qalacaq. İnanıram ki, gözəl oyunla növbəti 3 xalımızı qazanacağıq.
Qol.az