Cari mövsüm fiaskoya uğrayan “Neftçi”də daxili ab-hava qaydasında deyil. Klubun düşərgəsindən gündə bir xəbər eşidilir. Son proseslər isə onu göstərir ki, klub rəhbərliyi öz uğursuzluğunu sığortalamaq üçün bəzi futbolçuların üzərinə “hücuma keçib”.
Bu baxımdan əsas hədəf kapitan Emin Mahmudovdur. Son zamanlar gah 31 yaşlı futbolçunun maaşı müzakirə mövzusuna çevrilir, gah da yayda klubdan gedəcəyi barədə xəbərlər yayılır. Belə görünür ki, bu tip xəbərlər klub rəhbərliyi tərəfindən qəsdən mətbuata sızdırılır. Hətta son günlər Mahmudovun guya zədəli olmadığı, klub rəhbərliyi tərəfindən cəzalandırıldığı barədə xəbərlər yayılıb. Bu xəbəri eşitdikdə məsələni araşdırdıq və məlum oldu ki, Eminin əzələsində dartılma var. Hətta deyilənə görə, kapitan “Qarabağ”la matça iynə hesabına belə olsa meydana çıxmaq istəyib. Lakin həkimlər buna icazə verməyib...
Son illər “Neftçi”nin qazandığı azsaylı uğurlarda Mahmudovun imzası var. Son çempionluqda da 31 yaşlı futbolçunun həlledici qollarının böyük rolu olmuşdu. Lakin görünən odur ki, bütün bunlar “unudulub”. Ola bilər 2-3 il əvvəl “Neftçi”nin hazırkı rəhbərliyi Mahmudovun fədakarlığından xəbərsiz idi. Bəs indi? Axı bu yay Emin Mahmudovun “Eyüpspor”un təklifini geri çevirdiyini indiki rəhbərlik də bilir. Cari mövsüm vaxtından əvvəl Superliqaya vəsiqəni təmin edən İstanbul klubu yayda israrla Emini heyətində görmək istəyirdi. Baş məşqçi Arda Turanın zəngləri belə keçidin reallaşması üçün yetərli olmadı və Mahmudov “Neftçi”də qaldı. Bəli, cari mövsüm Emin parlaq çıxış etmir. Lakin bu gün “Neftçi”də zəif təsir bağışlayan yalnız kapitandır? Guya bəh-bəhlə transfer olunan Melano, Şinyaşiki, Mirzov, Moreno, Konte “qan eliyir”?..
Eminlə yanaşı, Qara Qarayevin də adı mətbuatda tez-tez hallanır. Mahmudov kimi, 32 yaşlı futbolçuya qarşı da xoşagəlməz kampaniya aparıldığı hiss olunmaqdadır. Buna bariz bir nümunə də “Qarabağ”la kubok oyunundan yaşananlardı. Belə ki, Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində keçirilən “Neftçi” - “Qarabağ” matçının gedişində "İmarət" fan-klubunun bəzi üzvləri Qara Qarayevi təhqir etmişdilər. Bu hadisədən sonra bir çox futbolçular, tanınmışlar Qara Qarayevə dəstək oldular. “Neftçi” isə yalnız klubun feysbuk səhifəsində video paylaşmaqla kifayətləndi. Biz “Neftçi”nin hansısa rəhbər şəxsinin Qaraya dəstək olduğunu görmədik...
Futbolxeber.az