Milli komandamızın baş məşqçi postuna əsas namizəd olan Vladimir Vayssla danışıqlar uğurla davam edir. 59 yaşlı slovakiyalı mütəxəssis AFFA-nın təklifinə prinsipial razılıq verib.
Sportliqa.az xəbər verir ki, çalışdırıcı detalları müzakirə etmək üçün bu həftə Bakıya gəlməlidir. O, şəraitlə yerində tanış olmaq, eyni zamanda maliyyə məsələlərini razılaşdırmaq istəyir. Vayss AFFA prezidenti Rövşən Nəcəfin dəvətini qəbul edib.
2021-ci ildən Bratislava “Slovan”ına rəhbərlik edən məşqçiylə bağlı əsas problem maaş tələbinin yüksək olmasıdır. AFFA-nın tərəddüdünün digər səbəbi onun klubuyla olan müqaviləsidir. Futbol funksionerlərimiz Vayss üçün böyük məbləğdə təzminat ödəmək niyyətində deyil. Çalışdırıcı özü bratisavalıları razı sala bilsə, təyinat rəsmiləşəcək.
Əldə etdiyimiz məlumata görə, bütün məsələlər Bakı səfəri zamanı dəqiqləşəcək. Müqavilənin bağlanması üçün Vayssın maliyyə tələblərində də güzəştə getməsi gərəkdir. Eyni zamanda o, millinin nəticələri ilə bağlı qaneedici vədlər verməlidir.
Xatırladaq ki, Canni de Byazinin gedişindən sonra – ötən ilin noyabrından etibarən milli komandamızın baş məşqçi postu vakantdır.
futbolinfo.az