Azərbaycan millisinin üzvü Mahir Emreli formasını geyindiyi Zaqreb “Dinamo”sundan ayrıla bilər.
Football.az xəbər verir ki, bunu Xorvatiya klubunun baş məşqçisi Sergey Yakiroviç “Sportske novosti” qəzetinə müsahibəsində deyib.
O, jurnalistin bəzi futbolçuların "Dinamo"nu tərk edə biləcəyi ilə bağlı sualı belə cavablandırıb:
“Bildiyimə görə, Emrelinin başqa klubdan təklifi var. Düşünürəm ki, bunu reallaşdırmaq istəyəcək”.
Mahir Emreli ötən günlərdə instaqram hesabında mövsümü dəyərləndirmişdi: "Mövsümə çox yaxşı başlamışdım. Lakin uzun müddətli zədələr məndən əl çəkmədi. Heç vaxt bu qədər futboldan kənarda qalmamışdım. Zədədən əziyyət çəkdiyim dövrdə xarakterimi və səbrimi sınadım. Bu, karyeramın ən vacib anları idi. "Dinamo"da olmaqdan və mükafatlar qazanmaqdan çox məmnunam".
Qeyd edək ki, 26 yaşlı hücumçunun 2022-ci ilin fevralından çıxış etdiyi "Dinamo" ilə 2026-cı ilin yayına qədər müqaviləsi var. O, bu mövsüm Zaqreb təmsilçisində bütün turnirlərdə 24 oyun keçirib, 5 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.