Slovakiya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Milan Layçak həmyerlisi Vladimir Vayssın futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə əsas namizəd olması barədə yayılan xəbərləri şərh edib.
Sportliqa.az xəbər verir ki, o, 59 yaşlı mütəxəssisin çox yaxşı reputasiyaya malik olduğunu bildirib:
“Vladimir Vayss təkcə regionda deyil, dünyada qəbul olunmuş məşqçidir. O, çox yaxşı reputasiyaya malikdir. Bilirəm ki, Azərbaycanda da tanınmış futbolçular, eləcə də “Qarabağ” və “Neftçi” kimi yaxşı klublar var. Sizin çox dinamik və istedadlı oyunçularınız var. Düşünürəm ki, Vladimir Vays Azərbaycan millisinə öz baxış tərzini, taktiki düşüncələrini və ən əsası motivasiya gətirəcək. Çünki hər oyundan öncə yaxşı məşqçi futbolçularına nə deməli olduğunu bilməlidir. Motivasiya üçün psixoloji bacarıqlara malik olmaq lazımdır. Vayssın təcrübəsi, taktiki düşüncəsi və müşahidə qabiliyyəti sizin komandanıza 100 faiz yeni keyfiyyətlər bəxş edəcək”.
Milan Layçak həmyerlisinin böyük ehtimalla, sentyabrdan Azərbaycan millisində fəaliyyətə başlayacağını qeyd edib: “Vayssın Bakıya nə vaxt gələcəyini dəqiq söyləmək çətindir. Mən bildiyim qədəri ilə hazırda tərəflər arasında müzakirələr davam edir. Şərtlər müzakirə olunur. Hər şey yaxşı yekunlaşsa, Vayss sentyabrdan Azərbaycan millisində fəaliyyətə başlayacaq”.
Səfir futbolla maraqlandığını da söyləyib: “Daha əvvəl futbol, tennis, qolf, voleybol oynamışam. Əlbəttə ki, futbolla da maraqlanıram. Amma daha özüm futbol oynamıram”.
2 il əvvəl olduğu kimi, Azərbaycan və Slovakiya milliləri yenidən UEFA Millətlər Liqası çərçivəsində üz-üzə gələcəklər. Millimiz bu ilin 8 sentyabrında Slovakiya ilə səfərdə, oktyabrın 14-də isə evdə üz-üzə gələcək. Səfir qarşıdakı görüşlərlə bağlı gözləntilərini də açıqladı: “2 il əvvəl tərəflər hərəyə bir qələbə qazanmışdılar. Bu baxımdan komandalarımızın eyni səviyyədə olduğunu söyləyə bilərik. Lakin Slovakiya millisinin futbolçuları müxtəlif Avropa klublarında, İtaliya, Almaniya, Polşa, Çexiya, İspaniya kimi ölkələrdə forma geyirlər. Slovakiyalı olaraq ölkəmin millisi üçün barmaqlarımı çarpaz saxlayacağam. Lakin Slovakiyanın Azərbaycandakı səfiri kimi, hər iki tərəfi razı salmaq üçün heç-heçəni dəstəkləyəcəyəm. Onu da deyim ki, Vayss Slovakiya millisini çox yaxşı tanıyır. Bu isə komandanıza xeyir verəcək. Azərbaycan millisi də qələbə qazana bilər”.
Pərvanə Sultanova, xüsusi olaraq Futbolxeber.az saytı üçün