“Qarabağ” Azərbaycan Kubokunun finalında “Zirə”ni 2:1 hesabı ilə məğlub etdi.
Sportliqa.az xəbər verir ki, matçdan sonra qəsəbə təmsilçisinin yarımmüdafiəçisi Ceyhun Nuriyev jurnalistlərin suallarını cavablandırdı:
– Finala qədər məğlubiyyətsiz gəldiniz, lakin həlledici oyunda “Qarabağ”a məğlub oldunuz. Təəssüratlarınızı bilmək istərdim.
– “Qarabağ”ın səviyyəsi hamıya məlumdur. Rəqibi yaxşı analiz etmişdik. Oyunu müdafiədən qurmuşduq. Planımız işə yarıyırdı. Əsasən, ikinci hissədə qol epizodlarımız çox oldu, lakin bunun birindən fərqlənə bildik. Kiçik nüanslar qalib gəlməyimizə mane oldu.
– Sanki “Qarabağ”ın motivasiyasız olması müəyyən qədər sizə üstünlük verirdi…
– Düşünmürəm ki, “Qarabağ” motivasiyasız idi. Bu gün ən yaxşı oyunlarından birini oynadılar.
– “Qarabağ” hər iki cəbhədə qalib gəldi, siz ikinci oldunuz. Bunu uğur saymaq olar?
– Bəli, bunu hazırda uğur saymaz olar. Ən azından kuboku götürmək istəyirdik. Buna çox yaxın idik. Lakin ümumi olaraq “Qarabağ”dan sonra ikinci olmaq “Zirə”nin uğrudur.
– Çempionatın gedişində 6 oyunluq qələbəsizlik seriyası oldu, bəzən gözlənilməz xal itkiləri olmasaydı, fərqli mənzərə görə bilərdik?
– Bəlkə də orda qazanılan xallar sona 4-5 tur qalana qədər “Qarabağ”la çempionluq uğrunda mübarizə aparmağımıza səbəb ola bilərdi. Amma düşünürəm ki, ümumi olaraq gedişdə “qara zolağ”a düşdük. Bilirdik ki, ordan çıxacağıq.
– “Sabah”dan “Zirə”yə keçdikdən sonra sanki daha yaxşı çıxış edirsən…
– Daha çox oynayıram. Futbolçu inkişaf üçün oynamalıdır. Bu məni milli komandaya qaytardı.
– Digər komandalardan fərqli olaraq siz Avropa Liqasında mübarizə aparacaqsınız. Bunu üstünlük sayırsınız?
– İlk dəfədir Avropa Liqasında mübarizə aparırıq. Bu turnirdə mübarizə aparmaq bizə bir məğlubiyyət haqqı verir. Bir addım öndəyik.
– “Zirə”yə gəldikdən sonra milliyə də dəvət aldın. “Sabah”da oynamaq səni nə qədər geriyə atdı?
– Oyun praktikası baxımından geri düşdüm. 5 ay əvəzedici komandada oldum. Məşqlərimi dayandırmadım. Ona görə “Zirə”də yaxşı forma yığdım.
– Millinin qarşıdakı iki oyunundan gözləntiləriniz nədir?
– Rəqiblər olduqca güclüdür. Amma milli ilə meydana çıxırıqsa, yalnız qələbə haqda düşünəcəyik.
futbolpress.az