Yoldaşlıq matçında Albaniyaya 1:3 hesabı ilə məğlub olan millimizin yarımmüdafiəçisi Aleksey İsayev müsahibə verib:
- Qısa müddətdən sonra Avropa çempionatında iştirak edəcək komandaya qarşı oynamağı necə xarakterizə edərdin?
- Adi qarşılaşma idi. Matça digər rəqiblərlə qarşı keçirdiyimiz oyun kimi çıxmışdıq. Rəqibə də Avropa çempionatında uğurlar arzu edirəm.
- Fasilədən sonra rəqibi kifayət qədər sıxdız. Məğlubiyyətdən qaçmaq üçün nə çatmadı?
- Nəyin çatmadığını deyə bilmərəm. Fürsətlərimiz oldu, yararlana bilmədik. Əvəzində lazımsız qollar buraxdıq. Məncə, məğlubiyyətə layiq idik.
- Öz çıxışını necə dəyərləndirərdin?
- Öz oyunumu qiymətləndirə bilmərəm. Bunu xoşlamıram. Qoy, azarkeşlər qiymətləndirsin.
- Yaman dilxor görünürsən. Yorğunluqdandı yoxsa məğlubiyyətin nəticəsidir ki, sanki "gəmilərin batıb"?
- Əlbəttə ki, məğlub olmaq istənilən halda məyusluq yaradır. İstər yoldaşlıq, istərsə də rəsmi matç olsun, meydana qələbə üçün çıxıb döyüşmək istəyirik. Bir qədər özümüzə gəlib, oyunu analiz edib irəli baxmalıyıq.
- Qazaxıstanla oyunda nəyə ümid edirsiz?
- Qazaxıstan seçməsi intizamlı, xarakter göatərən yaxşı komandadı. Onlarla oyuna qələbə üçün çıxacağıq. Meydandan qalib ayrılmaq üçün əlimizdən gələni edəcəyik. Məqsədimiz ölkəni və fanatlarımızı sevindirməkdi.
Foto: Elmir Kərimov
sport24.az