“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov həm yeni iş yeri, perspektivlər, planlar, həm də keçmiş klubu “Turan Tovuz”dan ayrılması barədə danışıb.
Sportliqa.az təcrübəli mütəxəssisin Report.az-a müsahibəsini diqqətinizə çatdırır:
- “Şamaxı”ya keçidinizlə bağlı düşüncələrinizi bölüşərdiniz…
- “Turan Tovuz”dan ayrıldıqdan sonra “Şamaxı”dan dəvət gəldi. Gələcək planları müzakirə etdik və razılığa gəldik.
- I Liqadan Premyer Liqaya yüksələn “Şamaxı”da sizin üçün cəlbedici olan nə idi?
- Hər şeydən öncə bu ağır yükü üzərimə götürüb rəhbərliyə kömək etmək istədim. Çünki heç vaxt ağır yük altına girməkdən qorxmamışam. “Turan Tovuz”da şərtlər bundan da çətin idi. “Şamaxı”nın Premyer Liqa təcrübəsi var. I Liqaya düşüb, daha sonra çempion olublar. Həmişə I Liqaya düşən klublar təslim olurdu, əksər vaxtlarda dağılırdı. “Şamaxı” isə mübarizə apardı və Premyer Liqaya vəsiqə qazandı. Əlbəttə, bunlar hamısı üstünlükdür. Fikirlərimiz də üst-üstə düşdü. Möhkəm komanda formalaşdırmaq lazımdır.
- I Liqada “Şamaxı”nı izləyirdiz?
- Sırf hansısa oyununu 90 dəqiqə izləməmişdim. Amma I Liqa ilə mütəmadi maraqlanırdım. Çünki son oyunlar daha maraqlı keçirdi. Komandanın “Qaradağ Lökbatan”la oyununun 60-70 dəqiqəsini izləmişdim.
- Klubun strategiyasını hansı şəkildə formalaşdırmaq niyyətindəsiniz?
- Yerli futbolçuların inkişafını, üzə çıxmasını çox istəyirlər. Lakin bunun üçün akademiyan olmalıdır. Digər klublardan gənc futbolçuları, yeni adları Premyer Liqamıza cəlb etmək istəyirik. Digər tərəfdən, möhkəmlənmək üçün büdcəmizə uyğun olan legionerlər cəlb edəcəyik. Klubun sponsoru yoxdur, büdcə dövlətin ayırdığı pulla formalaşacaq. Ona görə böyük plan barədə düşünmürük. Hazırda əsas düşüncəmiz düzgün seleksiya aparmaqdır. Çünki həm vaxtımız azdır, həm də böyük imkanlarımız yoxdur. İnanıram ki, edəcəyik.
- Çempion heyətlə elitada qalmaq mümkün olardı?
- Reallıq var, bu gün çempionatımız çox dəyişib. “Şamaxı” yerli futbolçularla oynadığı ildə Premyer Liqada qalmaq şansını son matçda əldən verdi. Lakin həmin çempionatla indiki arasında çox fərq var. İndi çempionatımız daha gərgin keçir. Klubların necə gücləndiyini görürsünüz.
- Legionerlərlə bağlı planlarınız necədir?
- Say barədə heç nə deyə bilmərəm. İlk növbədə büdcəmizə uyğun transferlər edəcəyik. Daha çox yerli futbolçuya ehtiyacımız var. Hansı mövqelərdə çatışmazlıq olsa, legioner dəvət edəcəyik. Klub daxilində də rəqabət olmalıdır. 10-12 futbolçu ilə çempionatı başa vurmaq olmaz. Əlbəttə, I Liqada çempion olan heyətdən, həmçinin gənc komandalardan futbolçular dəvət edəcəyik. Boşluqları legionerlərlə dolduracağıq.
- Hazırlıq planınız məlumdur?
- İyulun 1-də Şamaxıda yığışacağıq. 12 gün toplanış olacaq. Sonrakı plan məlum deyil. Çünki oyunlar haqda düşünürük. Xaricə gedib-getməyəcəyimiz də dəqiq deyil. Məni hazırda maraqlandıran yoxlama oyunlarıdır. Heyəti komplektləşdirməliyik. İnanıram ki, ayın əvvəllərində komplektləşdirəcəyik. Çünki cəmi bir ay vaxtımız qalır. Bu müddətdə oyunumuzu, fiziki durumumuzu yaxşılaşdırmalıyıq.
- Kluba legioner cəlb edilməsi təşəbbüsünü siz irəli sürdünüz?
- Ümumi müzakirələr olub. “Şamaxı”nı gücləndirmək, hər il Premyer Liqada çıxış etməsi üçün lazım olan bütün addımları atacağıq. Əlbəttə, “Şamaxı” Premyer Liqadan düşsə də, çox futbolçu qazandırdı. Həmin vaxt yerlilər çox idi, klublar oyunçularının icarəyə gəlməsinə razılıq verirdi. İndi seçim çox azdır. Yeni baxış olmalıdır.
- Yeni mövsümdə hədəfləriniz nə olacaq?
- Uduzmamaq, mübarizə aparmaq. Yer tutmaq məsələsinə gəlincə, köklü, büdcəsi bizdən 10 qat çox olan klublar kimi eyni hədəfə iddia edə bilmərik. Əlbəttə, hədəfimiz Premyer Liqada qalmaq olacaq.
- “Şamaxı”nın aşağı yaş qruplarında durum necədir?
- Komanda I Liqaya düşsə də, bütün yaş qruplarını saxlayıblar. Bu da sevindirici haldır ki, heyət şamaxılı uşaqlardan təşkil olunub. Vəli Qasımov çox yaxşı işlər görür. Adlı-sanlı futbolçularımızdan birinin neçə illərdir Şamaxıda bu işləri görməsi, əlbəttə, klub üçün uğurdur. Bildiyim odur ki, uşaqlar əvvəlki kimi davam edəcəklər. Klubun məqsədi bu uşaqların gələcəkdə əvəzedicilərə qədər yüksəlməsidir. Bu gün onların 15-16 yaşları var. Hazırda geniş məlumatım yoxdur. Onu bilirəm ki, akademiya var və yerli uşaqlardan təşkil olunub.
- “Turan Tovuz”dan ayrılmağınız müzakirələrə səbəb oldu. Nə baş vermişdi?
- Heç nə baş vermədi. Rəhbərliklə danışıqlardan sonra belə qərara gəldik.
- Kluba böyük ümidlərlə gəlmişdiniz, həm azarkeşlər, həm də rəhbərlik tərəfindən çox yaxşı qarşılanmışdınız. Birdən-birə nələr dəyişdi? Ayrılığınız gözlənilməz oldu.
- Düzdür, gözlənilməz oldu. Orada olduğum iki il ərzində “Turan Tovuz”u möhkəm komanda kimi formalaşdırmağa çalışdım. Məncə, buna nail oldum. Bu gün komanda böyük iddialar uğrunda çalışırsa, azarkeşlər şans görüb hər il avrokuboklarda çıxış etmək istəyirsə, deməli, iş var idi. İki il ərzində azarkeşlərə elə anlar yaşatdıq ki, Premyer Liqadan düşməyi ağıllarından belə keçirmədilər. Ən çətin dönəmlərdə belə bunu hiss etmədilər. Bu il daha iddialı olmağı düşünürdük. Qismət, daha bu barədə düşünməyəcəyəm. Daha müzakirə ediləsi deyil, bu kitab bağlandı. Görülən işlər kimlərinsə xoşuna gələ və ya gəlməyə bilər. Gerçəklik budur ki, “Turan Tovuz” iddialı kluba çevrilir.
- “Turan Tovuz” rəsmisi Əli Balakişiyev “Report”a açıqlamasında sizin gedişinizdən sonra strategiyalarına uyğun məşqçi axtarışında olduqlarını bildirmişdi…
- Bilmirəm, bunu onlar açıqlamalıdırlar. Mən gələndə üçillik layihə var idi. Həmin vaxt “Turan Tovuz”un sponsoru yox idi, dövlət tərəfindən ayrılan büdcə ilə mübarizə aparırdı. Həmin il Azərbaycan Kubokunun yarımfinalına qədər irəliləmişdik. Bu mövsüm sona 4 tur qalmışa qədər də yaxşı şansımız oldu. Klub olaraq inkişaf etmək istəyirdik. Planda yeni meydanların salınması, akademiyanın inkişafı var idi. Yarımçıq qaldı.
- Rəhbərliyin hansı qərarı sizi razı salmadı?
- Müzakirə aparmadıq. Klubun təklifi olmadı. Yəqin səbəbini özləri deyərlər.
- Fernandu Santuşun milliyə baş məşqçi təyin olunması ilə bağlı düşüncələriniz necədir?
- Bu haqda danışmaq istəmirəm. Fikirlər müxtəlifdir. Həmişə demişəm, bu gün millimizdə yerli məşqçi çalışmalıdır. Baş məşqçi Avropa çempionu ola bilər. Amma Azərbaycanda çətin olacaq. Qazaxıstana, Albaniyaya qarşı heç də zəif oynamadıq. Potensiallı futbolçularımız var. Arif Əsədov də son iki oyunda pis nəticə göstərmədi. Milli komandada işləmək çətindir. O işi bacaracaqsa, yığmamız üçün faydalı olacaq. Əlbəttə, Arif Əsədov qala bilərdi. Ondan başqa, Qurban Qurbanov kimi böyük məşqçi var. “Mətbəx”in içini bilən məşqçilərimiz var. Sadəcə, onlara güvənmək lazımdır.
- Sizin adınız da milli ilə yanaşı hallanırdı.
- Bu sevindiricidir. İnanıram ki, düzgün qərar veriblər.
- Fernandu Santuşun əsasən yaşını qabardırlar. AVRO-2028-ə qədər o bizə nə verə bilər?
- Bu haqda məşqçi kimi danışmağım ayıb olar. Məşqçi həmkarına hörmət etməlidir. Nəsə demək mənə yaraşmaz.