İcraiyyə Komitəsinin üzvləri yığışıblar, Santuşu da hesabat verməyə çağırıblar. Qarşıdan AVRO-2028 gəlir. Hədəflər böyük, inam çox azdır. Millətlər Liqasında uğursuz nəticələrdən sonra heç kim gələcək barədə ümidli danışa bilmir.
Yuxarı başda əyləşən AFFA prezidenti Rövşən Nəcəf sözə haradan başlayacağını müəyyənləşdirə bilmədiyi üçün iclas otağında qeyri-müəyyənlik hökm sürür. Hamı ona baxır, Santuşu Azərbaycan futboluna urcah eləyən adama. Rövşən Nəcəf özü də yaxşı anlayır ki, istəsə də, istəməsə də xoş olmayan söhbəti açmaq onun üzərinə düşür.
- Cənab Santuş, eeeee... mən, yox biz, elə mən özüm də, yəni hamımız millinin oyunundan da, nəticələrdən də narazıyıq.
Rövşən Nəcəf yalnız indi fərqinə vardı ki, onu tər basıb, heç kim diqqət eləməsə də, əlləri də bir az titrəyir. Yox, təbii ki, Santuşdan çəkinəcəyi yoxdur. Amma həyəcanlıdı. Qabağındakının Avropa çempionu olması, nailiyyətləri və təcrübəsini nəzərə alanda ona narazılıq eləməyin sıradan bir hadisə olmadığını başa düşürdü. Hər halda bütün sıxıntılara rəğmən AFFA prezidenti ağlındakını dilə gətirdi, üstündən elə bil ağır yük götürdülər. İndi davamını gətirmək lazımıydı, narazılığın səbəblərini açmaq üçün sözünə davam etdi.
- Cənab Santuş, biz sizi dəvət eləmişdik ki, millimiz gözəgəlimli futbol oynasın, uğurlu nəticələr qazanaq. Amma 2 il keçib, ciddi şəkildə dəyişən bir şey yoxdur. Əslində, mənim leksikonuma uyğun məsəl deyil, amma bizdə belə bir söz var - "köhnə hamam, köhnə tas". Millimizdəki vəziyyət elə bu məsələ bənzərdi.
Fernando Santuş ağır-ağır nəfəs alaraq beynində gənc AFFA prezidentinə verəcəyi cavabı götür-qoy edirdi. Elə danışmaq lazımıydı ki, həm özü günahkar çıxmasın, həm də Rövşən Nəcəfi günahkar çıxarmasın. Nə də olmasa, onun Azərbaycana gəlib böyük pullar qazanmasına səbəbkar qarşısındakı adam idi.
- Sizi yaxşı başa düşürəm, Rövşən bəy. İstəyirsiz ki, milliniz yaxşı nəticələr qazansın. Bunu mən də istəyirəm, bəlkə sizdən də çox istəyirəm. Amma bayaq dediyiniz bir məsəl var idi. Tam anlamasam da, deməliyəm ki, hamam köhnə olandan sonra tasın təzə olması ciddi dəyişikliyə səbəb ola bilməz. Sizdə ümumi futbolun səviyyəsi aşağı, böyük hədəflər üçün futbolçularınız yox, amma mənə deyirsiz ki, böyük uğurlar qazan. Futbolda lift yoxdur, pilləkənlər var. Asta-asta, mərtəbə-mərtəbə, mərhələ-mərhələ inkişaf etmək lazımdır. Səbirli olun.
- Sizə qədər millimizdə işləyən əcnəbilərin demək olar hamısı eynən belə danışırdı. Hərçənd, hər biri yeni müqavilə bağlayanda parlaq gələcək, böyük nəticələr vəd edirdilər. Sonradan isə... İndi siz də onlar kimi danışmağa başlamısız. Bəs, əvvəldən niyə demirdiniz ki, qarşıya qoyulan hədəflərə çatmaq mümkünsüzdür. O vaxt belə açıq danışsaydız, sizin əvəzinizə milliyə yerli məşqçi təyin edərdik. Camaat qınamızdı ki, bacardığımız budur...
- Oğlum, sən cavansan, hələ futbolda nə görmüsən ki... Sizdən çox sərfəli təklif gəlmişdi. Arada olan adamlar da demişdilər ki, AFFA rəhbərliyində tanınmış adlara düşkünlük var. Yəni məşqçinin yaşı, iş prinsipləri, onların yığmasına nə qədər uyğun olması heç kimə maraqlı deyil. Əsas odur ki, adlı-sanlı biri olsun. Mən olmayım, yerimdə başqası olsun. O cür təklifdən kim imtina edərdi axı? Gəlib heç nə eləyə bilmərəm də deyə bilməzdim. Ona görə belə vədlər vermişdim. Allah da şahiddir ki, əlimdən gələn hər şeyi etdim. Amma olmayanda olmur da.
- Bəs, indi neyləyək? Qarşıdan AVRO-2028 gəlir. Camaat bizdən uğurlu çıxış gözləyir. Amma biz nəinki final mərhələsinə çıxa bilərik, heç qrupda 3-cü yeri tutacağımız da inandırıcı deyil.
- Orası elədir. Məsələyə real yanaşsaq, final mərhələsinə düşməyimiz mümkünsüzdür. Amma yenə də cəhd edərik. Bir-iki sözlə camaata da ümid verərik. Sonrası da ki, sizlərin çox tez-tez işlətdiyi bir söz var - Allah kərimdir.
- Cənab Santuş, bilmirəm buranın havasındandırmı, ya suyundanmı, amma bura gələn əcnəbilərin əksəriyyəti qısa müddətdən sonra çevrilib bizim kimi olurlar. Çox qəribədir. Nəysə... Bunları sonra danışarıq. Əsas odur ki, gəlin görək, millini nə edirik. Sizə nə var, çıxıb gedəcəksiz. Mən qalacam camaatın ağzında.
- Mən neyləyə bilərəm, əlimdə sehirli çubuq yoxdur ki...
- Belə başa düşürəm təcili yeni məşqçi axtarmalıyıq.
- Baxın da, nətər məsləhətdi. Mən ağsaqqal adamam. Bundan sonra çətin ki, haradansa dəvət alım. Təzminatımı verin gedim. Onsuz da pulunuz çoxdur.
Kabinetindəki daxili telefonun zəngi Rövşən Nəcəfi diksindirdi. Fikrə dalmışdı. Bayaqdan xəyalən millinin baş məşqçisi Fernando Santuşla danışırdı. İndi başa düşdü ki, portuqaliyalı məşqçi ilə yolları ayırmaq asan olmayacaq. AVRO-2028-də uğurlu nəticə qazanmaq da həmçinin. Fikirlərindən ayrılıb dəstəyi qaldırdı. Neft sahəsi ilə bağlı bir məsələdə vacib qərar vermək lazım idi...
Yazı: sportal.az
Qeyd: Müəllifin fikri sportliqa.az redaksiyasının mövqeyi ilə üst-üstə düşməyə bilər.