Bilindiyi kimi, Azərbaycan millisinin yeni baş məşqçisi Fernandu Santuş bugünlərdə Bakıda müxtəlif idman obyektləri ilə tanış olub.
Portuqaliyalı mütəxəssis bu məqsədlə “Liv Bona Dea Arena”, Milli Komandaların Təlim-Məşq Mərkəzi, Bakı Olimpiya Stadionu, “ASCO Arena” və Tofiq Bəhramov adına Respublika Stadionuna baş çəkib.
AFFA-nın yaydığı rəsmi açıqlamada qeyd olunub ki, baş məşqçiyə adıçəkilən məkanların hazırkı durumu və orada yaradılan şəraitlə bağlı məlumat verilib.
Qısa məlumatda Santuşun gördüklərindən razı qalıb-qalmaması haqda bir cümlə də keçmir.
Daha buna ehtiyac da yoxdur. Çünki AFFA-dakı dostlarımız «Beşiktaş»dan qovulmuş məşqçinin olduğu stadionlardan hansı təəssüratla ayrılması barədə bizi bilgiləndirib.
Onların bildirdiyinə görə, yığmamızın yeni çalışdırıcısı getdiyi məkanlardan heç də xoş fikirlə ayrılmayıb. Santuşu mənfi mənada ən çox təəccübləndirən millinin Mərdəkanda yerləşən bazası olub.
Burada yaradılan şərait onu qane etməyib. Üstəlik, stadionun qazonu baş məşqçini təəssüfləndirib.
«Belə yerdə baza tikməzlər. Bura dənizin lap yaxınlığında yerləşir.
Bir az isti olan kimi nəfəs almaq çətinləşir. Mən futbolçulardan bu yerdə normal məşq etmələrini istəyə bilmərəm.
Meydançanın da vəziyyəti pisdir. Onu təcili dəyişdirmək lazımdır. Ümumiyyətlə, bazada və stadionda çoxlu işlər görülməlidir» - o, rəyini bu cür əsaslandırıb.
sportinfo.az