Dövlət tərəfindən klublara ayrılan vəsait aylardı verilmir. Hamı da AFFA-ya üz tutur, etirazlarını icracı vitse-prezident Sərxan Hacıyevə bildirirlər. O, hər nə qədər məsuliyyəti üzərindən atmağa çalışsa da, özü də başa düşür ki, nəsə eləmək lazımdır. Ona görə də məsələni federasiyanın rəhbəri Rövşən Nəcəflə müzakirə etmək qərarına gəlir.
VİRTUAL SÖHBƏT
- Rövşən bəy, "Axırıncı aşırım" filminə baxmamış olmazsınız. Abbasqulu bəy son dəfə Kərbəlayı İsmayılı görməyə gələndə qabağına Qəmlo çıxır. Soruşur sənə kim lazımdı, Abbasqulu bəy də deyir ki, evin kişisini soruşarlar. Əslində, filmdə də, Fərman Kərimzadənin qələmə aldığı "Qarlı aşırım" romanında da hadisələr təhrif olunub. Sovet vaxtı yazılmış əsər, çəkilmiş filmdir. Belə də olmalıydı. Reallıqda Abbasqulu bəy də, Kərbəlayı İsmayıl da, elə Qəmlonun özü də ermənilərə qarşı vuruşublar, xalq qəhrəmanları olublar. Abbasqulu bəyi də Qəmlo öldürməyib. Haradasa oxumuşdum ki, onu erməni xüsusi xidmət orqanlarının əməkdaşı olan Talıbov vurub. Əsərdə isə Talıbov Abbasqulu bəyin silahdaşı kimi göstərilib.
- Maraqlı məlumatlardı, Sərxan bəy. Amma məsələyə nə dəxli olduğunu tuta bilmədim açığı...
- Hə, onu deyirdim axı. Qəmlo Abbasqulu bəydən kimin yanına gəldiyini soruşanda, o da evin kişisini soruşarlar deyir. Sözümün Mustafası odur ki, klub nümayəndələri pula görə AFFA-nın üstünə gəlirlər. Mən hər nə qədər bizlik deyil desəm də, sizi görmək istəyirlər. Deyirlər, bu boz evin bir yiyəsi var, ya yoxdur... Abbasqulu bəyin təbirincə desək, bu evin kişisi sizsiz, çıxın camaata bir söz deyin də.
- Sərxan bəy, siz də bilirsiz ki, o pulu verən biz deyilik. Dövlətdən gələn maliyyədir. Onlar yubadandan sonra mənim əlimdən nə gəlir axı...
- Nə də olmasa, o boyda SOCAR rəhbərisiz. Dövlətdə əhəmiyyətli vəzifə tutursuz. Yuxarılarda sizin sözünüzü mütləq eşidərlər. İzah edin ki, futbolda pulun vaxtı-vaxtında verilməsi çox vacib məsələdir. Yubanmalar olanda heç kimin işi getmir, narazılıqlar yaranır.
- Deyirsən də, ay Sərxan... O boyda SOCAR-ın prezidenti ola-ola rəhbərim olduğum "Neftçi"də mövsüm boyu pul gecikmələri bitmək bilmədi. Mən hər dəfə yuxarıdan tapşırırdım ki, pulu vaxtında verin, aşağıda da hər dəfə elə edirdilər ki, pul gecikirdi. Bu işlər düşündüyün qədər asan deyil. Hər strukturda gözə görünməyən qüvvələr olur. Baxırsan, vəzifəcə səndən aşağıdır, amma səlahiyyətləri daha çoxdur. Rövnəq müəllim mənə kral qiyafəsi geyindirməyə çalışsa da, təbiətim buna uyğun deyil. Biz oxumuş adamlarıq. Neft şirkətində vəzifəyə də savadımıza görə qoyublar. Sözümün canı odur ki, mənim deməyimlə dövlətdən klublara gələn maliyyə ilə bağlı problemlər çözülməyəcək.
- Bəs, necə edək? Sizə nə var, AFFA-da oturmursuz. Camaatın ağzında mən qalmışam. Kimin nə sözü olur, durub gəlir mənim üstümə. Əlimizdən gələn qədər köməklik edirik. Amma pul məsələsində mənim də boynum qıldan incədir. Məni aşan mövzülardı. Belə başa düşürəm ki, sizi də...
- Siz söhbətə Fərman Kərimzadənin yaradıcılığı ilə başladız. İcazə verin, mən də Salam Sarvanın şeirindən misralarla bitirim:
Ya sök, ya tik, nə fərqi var,
Bu daxma düzəlməyəcək.
Gəl sənə təsəlli verim:
Darıxma, düzəlməyəcək!
Yazı: sportal.az
Qeyd: Müəllifin fikri sportliqa.az redaksiyasının mövqeyi ilə üst-üstə düşməyə bilər.