Ötən gün Azərbaycan idmanı adına tarixi hadisə yaşandı. Cüdoçumuz Hidayət Heydərov Parisdə keçirilən Olimpiya oyunlarında bütün rəqiblərindən üstün olaraq qızıl medala sahib çıxdı. Bu, 16 illik fasilədən sonra Azərbaycan cüdoçuları adına olimpiadada əldə olunan ilk "qızıl" idi. Qürurlandıq, sevindik, bayram abu-havasına girdik. Hidayət hələlik Paris olimpiadasında ilk, həm də qızıl medalçımızdır.
Hər şey öz yerində, lakin yazmalı, qabartmalı detallar da var. İdmançımız tarixi qələbəsinin ardınca Fransaya ezam olunmuş İTV-yə ayaqüstü müsahibə verib. Tərli-tərli ekran önünə çıxan Hidayət təzadlı açıqlaması ilə diqqət çəkib:
“Fransız azarkeşlər qışqırırdılar, mən də qışqırırdım, rəqibi elə qorxudurdum. Fransada himnimizi səsləndirəcəyəm. Bir dəfə Monpelye şəhərində Avropa çempionu olmuşam. Bir dəfə elə himnimizi səsləndirmişdim. Xalqımız çox gözəl şərhlər yazmışdı. Bilirlər ki, nə mənada deyirəm. İnşallah, fransız xalqı yenə Azərbaycan himninə ayaq üstə qulaq asacaq”.
Fikir verdinizsə, idmançımız finalda fransalı rəqibi Gaba Benjamini məğlub etdikdən sonra tatami üzərində onun alnından öpdü. Bu, idman mübarizələrində rast gəlinən ən gözəl mənzərələrdən biridir. Bir sözlə, Heydərovun bu jestinə böyük alqış düşür. Lakin o, ardınca mikrofon önündə "Fransız xalqı yenə Azərbaycan himninə ayaq üstə qulaq asacaq", - dedi.
Pəhləvanımızın hərəkəti ilə açıqlaması qətiyyən üst-üstə düşmədi. Birincisi, 50, 100 avrosundan keçib, idman qurğularına gələn hansısa Luisin, Cereminin, X-in Azərbaycanın Dövlət Himninə ayaq üstə qulaq asmaq kimi bir öhdəliyi yoxdur. Ümumiyyətlə, bu, "etika-estetika" məsələsidir.
İkincisi də, xatırlayırsınızsa, illər öncə cüdo millimizin sabiq üzvü Elmar Qasımov Ermənistanın paytaxtı İrəvanda qızıl medal qazanaraq, himnimizi düşmən ölkədə səsləndirmişdi. Orada belə erməni tamaşaçılar içərisində Azərbaycan Himnini ayaq üstə dinləyənlər olmuşdu. Yəni, bu, nəzakət rəmzidir. İstəyən qalxar, istəməyən yox. Və belə bir məcburiyyət yoxdur.
Bu kimi məsələlərdə bir peşəkar idmançı kimi geniş düşünmək, diqqətli olmaq vacibdir. Hidayətlə yanaşı, "hadisə yerinə" ezam olunan "İctimai" TV-nin kollektivi , o cümlədən Parisdə olan Gənclər və İdman Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Qabil Mehdiyev də idmançılarımızın bu planetar idman hadisəsində hər davranışına, açıqlamalarına diqqət yetirməsi zəruridir.
Sportliqa.az