"Sabah bizi olduqca vacib oyun gözləyir. Bilirik ki, rəqibimiz evdə böyük motivasiya ilə oynayır. İlk matçda qələbə qazanmışıq. Müəyyən üstünlüyümüz var".
Sportliqa.az xəbər verir ki, bu sözləri "Zirə" klubunun baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin "DAK 1904"lə cavab oyunu üçün təşkil edilən mətbuat konfransında deyib.
O, ilk oyunda 4:0 hesablı qələbə qazandıqları üçün futbolçularının arxayınlaşmadığını və matça pisoxloji cəhətdən yaxşı hazırlaşdıqlarını bildirib: "Rəqib ilk dəqiqələrdən bu üstünlüyü aradan qaldırmağa çalışacaq. Biz də mərhələni keçmək üçün əlimizdən gələni edəcəyik. Oyuna yaxşı hazırlaşmışıq. Ümid edirəm ki, sabah ən yaxşı oyunlarımızdan birini keçirəcəyik. Mental hazırlığa daha çox yer ayırmışıq. Çünki ilk oyunda qələbə qazananda cavab görüşündə psixoloji hazırlıq önəmli olur. Amma taktiki cəhətdən də çox işləmişik. Rəqibin savadlı məşqçisi var. Biz onu ikinci hissədəki həmlələri ilə gördük. Başa düşürük ki, sabah bizi necə oyun gözləyir. Rəqib baş məşqçinin ölkə çempionatında etdiyi rotasiyalar onu göstərir ki, matça çox ciddi hazırlaşıblar. Onlardan sabah da yeniliklər gözləyirik".
R.Sadıqov qeyd edib ki, sabah oyunu 11 nəfərlə başa vurmaq çox vacibdir: "Bu, təkcə beynəlxalq oyunlarla bağlı deyil. Çempionat matçlarında da xüsusi oyunçular var ki, sarı vərəqə almağa meyilli olurlar. Fərq orasındadır ki, çempionatda 4 sarı vərəqə alanda növbəti oyunu buraxırsan, avrokuboklarda isə 2 sarı vərəqədən sonra cəzalı duruma düşürsən. Qırmızı vərəqə isə bu tip oyunlarda çox böyük rol oynayır. Futbolçularım "Şerif"lə matçdan sonra bunu bir daha dərk etdilər. Sabah oyunu 11 nəfərlə başa vurmaq çox vacibdir".
Qeyd edək ki, sabah Slovakiyada keçiriləcək "DAK-1904" - "Zirə" matçı Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.