"Sabah" klubu UEFA Konfrans Liqası II təsnifat mərhələsinin cavab oyununda "Makkabi"ni penaltilər seriyasında məğlub edərək növbəti raunda yüksəlib.
Sportliqa.az xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Krunoslav Renduliç matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- İlk olaraq onu demək istəyirəm ki, bugünkü oyundan qabaq heç kəs bizə bir faiz də şans vermirdi. İlk anlardan inanırdım ki, maksimumumuzla oynasaq, mərhələni keçə bilərik. Səmimi deyim ki, "Makkabi" bu gün bizdən daha yaxşı idi. Bir oyunda favorit olan komandaya qalib gələ bilərsən. Ancaq iki matçda favorit komandaya qalib gəlmək çox çətindir. Lakin biz bunu etdik. Oyunçularımı təbrik edirəm, qəhrəmandılar, aslanlar kimi döyüşdülər. Nəticədə də güclü rəqibə qalib gələrək mərhələ adlamağa layiq idik.
- Qalib mühakimə etməzlər. Mən də etmirəm. Bəs siz altı qola görə özünüzü mühakimə edirsiz?
- Altı qol buraxmışıq, amma biz də altı qol vurmuşuq. İki matçda biz altı qol vurduq. İki oyundan sonra biz mərhələni keçdik. Heç kəs bizim mərhələdən öncə rəqibi keçəcəyimizə şans vermirdi.
- Demişdiz ki, "Makkabi" oyunun favoritidir. Rəqibi keçməyinizə nə səbəb oldu?
- Biz inanırdıq. Oyundan öncə komandama inanırdım.Məğlubedilməz komanda yoxdur. "Real" da uduzur. Niyə də uduzmasın?
- Bayaq dediz ki, "Makkabi" ilə görüşdən əvvəl bizə bir faiz şans verilmirdi. Bəs növbəti mərhələdə favorit sizsiz?
- Sabahdan etibarən rəqib haqda fikirləşəcəyik.
- Müdafiə xəttində problemlər olduğu görünürdü. Növbəti mərhələdə bu yöndə işlər görəcəksiz? Transfer edəcəksiz?
- Müdafiəni sadəcə arxada oynayan 4 futbolçuya bağlamaq istəmirəm. Bütün komanda müdafiə olunmalıdır. Biz bu gün müdafiədə çox pis idik. Ən azından 1 müdafiəçi gətirmək istəyirik. Çünki üç cəbhədə mübarizə aparacağıq. Bu haqda düşünürük.
- Penaltilər seriyasında beşinci zərbəyə Namik Ələskərovun adını qeyd etmişdiz?
- Keçən il keçən ildə qalıb. Öncəki klubumda da belə hallar yaşanmışdı. Namikdən soruşdum ki, penaltini vurmaq istəyirsən, yox dedi. Beşinci penaltini Boyan Letiç vuracaqdı.
- Premyer Liqanın ilk turunda "Şamaxı" ilə görüşün təxirə salınması üçün PFL-ə müraciət edəcəksiz?
- Oyunun təxirə salınması mümkün deyil. Amma ola bilər ki, evdə oynayaq. Məndən soruşmayın ki, həmin matçda kimlər oynayacaq. Sabah baxacağıq ki, kim yaşayır, kim canlıdır(gülür). Amma məcbur 11 nəfər oynadacağıq.(sportal.az)