Ötən həftə UEFA Konfrans Liqasında iki təmsilçimiz cavab matçına çıxdı.
Hər iki klubumuz doğma publika önündə oynasa da, Mərdəkanda "Zirə" fanatlarını sevindirib, ölkə futbolunda zəfər tarixi yazdığı halda, "Sabah" Masazırda rəqibinə boyun əyməklə avrokuboklarla vidalaşdı. Hər iki təmsilçimizin çıxışını qiymətləndirmək üçün mütəxəssis rəyinə ehtiyac duyduq.
Tanınmış futbol eksperti Ceyhun Sultanov Pressing.az-a açıqlamasında ilk olaraq "Zirə"nin performansını dəyərləndirib:
"Osiyek"lə matçda "Zirə" bacardığı qədər yaxşı oynadı, oyundan qopmadılar və diş göstərdilər. Görünən odur ki, qəsəbə təmsilçisi oyundan-oyuna inkişaf edir. Onlarda sanki "ikinci nəfəs" açılıb. Düşünürəm ki, "qartallar" bundan sonra da inkişaf edəcəklər".
Veteran futbolçu "Sabah" zəif çıxışına və Konfrans Liqasından kənarda qalmasına da toxunub:
"Çoxları "Sabah"dan daha çox irəli gedəcəyini, hətta qrupa düşəcəyini gözləyirdi. Amma komanda yanlış siyasətin qurbanı oldu. Belə ki, Masazır təmsilçisi yeni transferlərlə güclənmək əvəzinə, optimal heyəti qorumağa fokuslandı. Bu da təbii ki, komandada arzuolunan inkişafa gətirib çıxarmadı. Düşünürəm ki, yeni, səviyyəli oyunçular cəlb olunsaydı, Konfrans Liqasında daha yaxşı mübarizə aparmaq olardı. İrlandiya təmsilçisi böyüdüləcək qədər güclü klub deyildi. "Bayquşlar" mübarizliklə "Makkabi" (Hayfa) səddini keçdikdən sonra ən azından pley-off mərhələsinə qədər getməliydi. Artıq olan olub, qatar gedib. Bu cür zəif çıxışdan "Sabah" camiəsi nəticə çıxarmalıdır. Onlara çempionatda uğurlar arzu edirəm".