Futbolumuzun, millimizin durumunu açıq şəkildə qəbul edənlər həmişə deyirdi ki, Qvardiola, Mourinyonu da gətir, heç nə dəyişməyəcək. Yaşadıq və gördük. Qvardiola olmasa da, Avropa çempionu olan Fernandu Santuşu gətirdilər və heç nəyin dəyişməyəcəyini gördük. Bu aşkar idi, sadəcə millimizin, futbolumuzun biabırçı durumda olmasını baş məşqçi ilə əlaqələndirənlər də, yəqin hər şeyi anladı. Problemimiz dərinlikdədir. Onsuzda bu nəsli də itirmişik, bu futbolçularla da nəsə qazanan deyil milli. Tezliklə Santuşun təzminatını verib, göndərib, ölkədə stadionların inşasına, akademiyaların təməlinə, gənc, perspektivli yerli məşqçilərin savadının artırılması üçün xaricə göndərilməsinə başlamaq lazımdır. Xilas yolumuz budur.
Dəhşət odur ki, 32 ildir eyni ssenari gedir. Baş məşqçilər, futbolçular dəyişdi, ssenari eynidir: ilk dəqiqələrdə qol buraxdıq-buraxdıq, buraxmasaq, 15-20 dəqiqə oynayırıq, top saxlayırıq, daha sonra bir qol buraxırıq və arxası da gəlir. Nə hücum edirik, nə aqressivlik var, oyunun bitməsini gözləyirik. Ara-sıra əldə edilən uğurlu nəticələri demirəm.
Amin Seydiyev oyunu bərbad keçirdi. Bunu hamı gördü, yeni bir şey yazmıram. Bir futbolçu ilə dəyişən heç nə olmayacaq. Sadəcə maraqlıdır, Fernandu Santuş dəqiq bu mövsüm klublarımızın avrokuboklardakı çıxışını izləyib? İzləmişdisə, Aminin “Sabah”ın heyətində “Makkabi” və “Sent-Patriks”lə görüşlərdə də zəif çıxışını görməli idi axı. Slovakiyaya qarşı da eynən avrokuboklardakı kimi oynadı.
Millimizdən, lap 5 ildən, lap 10 ildən sonra da heç nə gözləməyəcəm. Çünki U-17, U-19, U-21 yığmamızın durumlarını da bilirik. Dəhşətlisi bilirsiz nədir? Gələcəkdən də minimum 15 il geridəyik, itirmişik. Hələ o qarşıdakı 15 ili yaşamalıyıq, amma biz artıq geridəyik. Bu futbolçu nəsli, bu milli..Qatar gedib artıq. Futbolumuzun fəaliyyətini dayandırmalıyıq. Sıfırdan yeni yanaşma, yeni düşüncələrlə lap yenidən başlamalıyıq.
Müəllif: Mirbağır Cəfərli