Azərbaycan millisinin futbolçusu Elvin Cəfərquliyev UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Slovakiya oyunu öncəsi təşkil olunan mətbuat konfransında iştirak edib.
Sportliqa.az xəbər verir ki, o, deyib: “Oyuna çox ciddi hazırlaşırıq. Uğurlu nəticə üçün əlimizdən gələni edəcəyik. Ümid edirəm ki, qələbə ilə azarkeşlərimizi sevindirəcəyik".
23 yaşlı müdafiəçi Estoniya ilə matç haqqında da söz açıb: "Bu gün Estoniya ilə matçımıza baxmışıq. Müdafiə xəttində bəzi səhvlərimiz var idi. Qələbə qazana bilərdik. Birinci hissədə kifayət qədər qol vəziyyətlərimiz oldu. İmkanlardan yararlanmayanda rəqib səni cəzalandırır. Bu dəfə daha yaxşı çıxış etməyə çalışacağıq. Yüksək keyfiyyətə malik futbolçularımız var. Ümid edirəm ki, komanda şəklində daha yaxşı oynayacağıq”.
Qeyd edək ki, Azərbaycan - Slovakiya oyunu sabah saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.