Sənin 5 transferindən ən pis halda biri keyfiyyətsiz çıxa bilər, day hamısı yox. Yeni transferlərin heç birinin "Qarabağ"a faydasını görmədik. Premyer Liqada xarüqələr yaratsınlar, nə mənası?! Kaşşuk, Addai və hər iki legioner qapıçı gözləntiləri qəti doğrultmadı. Premyer Liqada bunlarsız Nərimanla, Musa ilə, Bəhlulla, Patriklə oynamaq, nəticə qazanmaq olar.
Haşiyə: bu gün gecədən səhərə qədər tənqid etdiyimiz Şahruddinə şükr ediriksə, "Qarabağ"a gələn bütün qapıçılar aşağı-yuxarı "Şah" kimi oynayırsa, cavabdeh birbaşa Elxan Həsənovdur. 100 ildir Ağdam klubunda yeyib-yatır, başqalarının hesabına uğurlar qazanır. Toral bir oyun elə, bir oyun belə, həmçinin Zubir, Romao, Leandro, Veşoviç...
Yəqin ki, bizim gördüklərimizi rəhbərlik bizdən qabaq görür. Avropada uğur qazanmaq üçün əməlli-başlı transfer lazımdı, sanballı. Bir az normal təkliflə Azərbaycana kimi istəyirsən, gətirmək olar. Söhbət 5-10 milyon avroluq transferlərdən getmir, təbii ki. Dəfələrlə sual verilib, soruşulub, rəhbərlik hər dəfə açıqlamasında transfer məsələsində Qurban Qurbanova lazım olan dəstəyi verməyə hazır olduğunu deyib və deyir. Yəni, fikrimcə, çox azarkeşin düşündüyü kimi, simiclik etmirlər. Qalır, yaxşı seleksiya və məşqçi işi.
Xüsusən standart vəziyyətlərdən son 5 ildə istifadə edə bilməmək, heç bir ev tapşırığının, standart vəziyyətlər üçün fərqli bir taktiki hazırlığın olmaması, uzaqdan qapıya zərbələrə, ümumiyyətlə, yer verilməməsi, müdafiədə bu qədər boşluq buraxılması suallar yaratmaya bilməz. Avropada nəticə istəyirsənsə, artıq şablon taktika keçmir. "Mançester Siti" "Mançester Siti"di ki, o belə, 9-10 oyun qələbə qazana bilmir. Niyə? Çünki bütün dünya Pepin monoton taktikasını çoxdan çözüb.
Fərqli sistemləri də sınaqdan keçirmək lazımdı. 10 ilin içində Azərbaycan futbolu adına mümkün olmayanları etmisizsə, deməli, bütöv komanda şəklində bundan artığını bacaracaq potensialınız var. Elə bütün Azərbaycanın gözünün, ümidinin sizə olması da normaldı, təbiidi.
ELVİN ƏHƏD