Azərbaycan futbolunda qəribə təyinatlar çox olub, fəqət bu dəfə daha misli görünməmiş addım atıldı. 10 aydır vakant olan Baş katib postuna futbol mütəxəssisi yox, mərc oyunları sahəsində təcrübəsi olan Cahangir Fərəcullayev gətirildi. “Azərlotereya”da İdarə Heyətinin üzvü olan və əmsalları əlinin içi kimi bilən biri indi ali futbol qurumunun başına gəldi. Futboldan uzaq olsa da, intellektual oyunlardan daha çox tanınan birinin AFFA-da kresloya əyləşməsi təsadüfi deyil.
Fərəcullayev AFFA-nın vitse-prezidenti Balakişi Qasımovun dostudur, onun istəyi ilə namizədliyi irəli sürüldüyü deyilir. Görünən odur ki, futbolumuz yeni “oyun qaydaları”na uyğun idarə olunacaq.
Azərbaycan futbolu onsuz da problemlərlə əlləşirdi: zəif çempionat, azarkeşsiz stadionlar, klubların infrastruktur və maliyyə çətinlikləri. İndi isə futbola yeni bir istiqamət verilir – meydandakı oyunçular qədər, mərc bazarında olan əmsallar da ön plana çıxır. Azarkeşlər əvvəlcə sevimli komandalarının performansını müzakirə edirdilər, indi isə ehtimal ki, kuponlarının necə “yanacağını” danışacaq, əmsalları "oxumağa" çalışacaqlar. Azərbaycan futbolu həmişə qeyri-adi idarəetmə modelləri ilə seçilib, amma bu dəfə AFFA, deyəsən, başqa bir ssenari ilə işləməyə başlayıb sanki. İntellektual qumarbaz(lar)ın işini isə zaman göstərəcək. İlkin qiymətləndirmə üçün bizə lazım olan period yəqin ki, maksimum 40 gün çəkər.
Elsevər Muradzadə