Azərbaycan millisi UEFA Millətlər Liqasının 1-ci turunda səfərdə Litva ilə 1:1 hesablı heç-heçəyə razılaşıb.
Sportliqa.az xəbər verir ki, millimizin baş məşqçisi Ayxan Abbasov qarşılaşmadan sonra təşkil olunan mətbuat konfransında fikirlərini bölüşüb:
"Bu gün bizim üçün Anım Günüdür. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Vətən müharibəsində iştirak edən, dövlətimizin suverenliyi uğrunda canından keçən hər bir şəhidimizə minnətdarıq.
Bu gün futbolçularımızın üzərində böyük məsuliyyət var idi. Onlara təşəkkür edirəm. İlk dəqiqədən sonadək mübarizə apardılar. Azarkeşlərimizə də təşəkkür edirəm, səfərdə olduğumuzu hiss etdirmədilər. Bu dəstək futbolçularımız üçün çox önəmlidir.
Litvadan gözlədiyimiz oyunu gördük. İlk dəqiqələrdən təzyiq göstərdilər. Ani səhvdən sonra qol buraxdıq. Penalti epizodu sual doğurur, çünki epizoddan əvvəl Emilin ayağına müdaxilə var idi. Təəssüf ki, VAR-dan qərar gəlmədi. Qol buraxmağımıza baxmayaraq oyundan çəkinmədik.
Mahir Emrelinin qolu bizə ikiqat sevinc yaşatdı. Bundan sonra təşəbbüs tamamilə bizim tərəfimizdə idi. İkinci hissədə, xüsusilə 70-ci dəqiqəyədək oyuna nəzarət etdik. Təəssüf ki, matçın sonunu istədiyimiz kimi tamamlaya bilmədik, bəzi epizodlarda tələsdik.
Səfərdən bir xalla qayıtmağımız sevindiricidir. Üç gündən sonra bizi ağır oyun gözləyir. Evdə əvvəlcə Lixtenşteynlə, daha sonra isə Litva ilə qarşılaşacağıq. Komanda olaraq qələbə qazanacağımıza inanırıq".
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az