
AFFA-nın dəstəyi ilə keçirilən “Azərbaycan Media Liqası”nın növbəti mövsümün açılış mərasimi baş tutub.
Qısa olaraq bildirək ki, turnirin iştirakçıları sosial şəbəkə fenomenləri - vaynerlər, aktyorlar, aparıcılar və futbol ictimaiyyətinin nümayəndələridir. Artıq ikinci ildir təşkil olunan liqanın dünən baş tutan açılış mərasimində isə diqqətçəkən, bir o qədər də gözlənilməz məqama şahidlik etdik.
Belə ki, jurnalistin "Digər sponsorların nümayəndələri buradadır. Bəs AFFA-dan niyə heç kim yoxdur" sualına tanınmış aparıcı, aktyor Elcan Rəsulov kinayə ilə "Çünki burada futbol olacaq" cavabı verib.
Futbola naşı olan incəsənət adamı belə federasiyanın adını, fəaliyyətini aşağılamaqdan çəkinməyib. "Görünən dağa nə bələdçi?" deyib, AFFA-nı ələ salan Rəsulovun bu cavabı sosial şəbəkələrdə maraqla qarşılanıb.
Paradoks odur ki, turnir AFFA-nın dəstəyi ilə keçirilir, oyunlar da qurumun balansında olan "ASCO Arena"da baş tutacaq. Bir sözlə, aktyor gəmidə oturub, gəmiçi ilə savaşmaqdan çəkinməyib...
Bu bir yana, hələ komandalarda illərdir AFFA-da çalışan şəxslər də oynayacaq. Söhbət milli komandanın direktoru İlqar Qurbanov və AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılovdan gedir. Bu da digər paradoks.
Bəs görəsən, AFFA-nın bu haqq-hesaba münasibəti necə olacaq? Təşkilati dəstək, stadion sənlik ola, amma incəsənət dünyasının adamları, vaynerlər gəlib səni məkanında ələ salıb, məsxərəyə qoya.
Maraqlıdır ki, AFFA-nın baş katibi Cahangir Fərəcullayev bununla bağlı ölçü götürəcəkmi? Necə deyərlər, Fərəcullayevin yumruğunu masaya vuraraq lazımi addım atmağa cəsarəti çatacaqmı?
Hələ AFFA-dan evlərinə çörək apara-apara sözügedən liqada çıxış edəcək komandaların heyətində yer alan Fərrux İsmayılovla İlqar Qurbanovun atacağı addım da maraq doğurur...
Murad