
Azərbaycanda ilk dəfə olaraq ulduzlar və media nümayəndələri arasında çimərlik futbolu üzrə turnir təşkil olunur.
“Star Cup Azərbaycan” adlanan bu unikal turnir 26 və 28 iyun tarixlərində keçiriləcək yarımfinallarla start götürəcək. Final oyunu isə 2 iyul, İdman Jurnalistləri Gününə təsadüf edəcək. Turnir paytaxtın mötəbər idman məkanlarından biri olan Bakı Su İdmanı Sarayında baş tutacaq.
“Star Cup Azərbaycan” həm formatına, həm də iştirakçı tərkibinə görə ölkədə ilk belə layihədir. Turnirdə Azərbaycanın tanınmış titullu idmançıları, idman jurnalistləri, televiziya aparıcıları, müğənniləri, m aktyorları və ictimai şəxsləri iştirak edəcək. Yarış çimərlik futboluna marağın artırılması, idmanla incəsətin və medianın bir araya gətirilməsi və İdman Jurnalistləri Gününün daha yadda qalan şəkildə qeyd olunması məqsədi daşıyır.
Turnirin bütün mərhələləri ictimaiyyət və media üçün açıq olacaq. Həmçinin, oyunlardan fotolar, videolar və maraqlı məqamlar yerli media və sosial platformalarda yayımlanacaq.
Turnirin əsas detalları:
* Tarixlər: 26 iyun, 28 iyun – yarımfinallar; 2 iyul – final və mükafatlandırma
* Məkan: Bakı Su İdmanı Sarayı (Çimərlik futbolu meydanı)
* İştirakçılar: Tanınmış media nümayəndələri və ulduz simalar
* Tədbirin məqsədi: Çimərlik futbolunu təşviq etmək və İdman Jurnalistləri Gününü qeyd etmək.
“Star Cup Azərbaycan” bu yay idman və əyləncə dolu ən yaddaqalan hadisələrdən birinə çevriləcək.
Turnirin təşkilatçıları Vətən müharibəsi qazisi, idman jurnalisti Daşqın Əziz və idman jurnalisti Ağa Dadaşzadədir.