
"Turan Tovuz" klubunun İdarə Heyətinin sədri Ehtiram Quliyev bölgə təmsilçisinin mətbuat xidmətinə bir sıra açıqlamalar verib.
Sportliqa.az xəbər verir ki, klub rəhbəri əvvəlcə komandanın yeni mövsümə hazırlığından danışıb:
"Təlim-məşq toplanışlarımız çox səmərəli keçdi. Baxmayaraq ki, komandanı tam komplekləşdirmək mümkün olmadı. Çünki istəmədik ki transfer xatirinə transfer edək. Büdcəmizin yetərincə gein olmadığını nəzərə alaraq transferlərdə səhv etməyi minimuma endirməyə çalışdıq. Ona görə də bu işlər bir qədər ləng getdi. Buna baxmayaraq, əlimizdə olan futbolçularla yüksək səviyyədə hazırlıq keçdik. İlk dəfədir ki, texniki heyətimiz bu qədər güclüdür. Komandaya çox yaxşı fiziki hazırlıq mütəxəssisləri cəlb etmişik. Tibbi personalımızı gücləndirdik. Azarkeşlərimizin görmədiyi aşağı yaş qrupları ilə bağlı işlərimizi genişləndirdik. Deyərdim ki, yay toplanışında tam gözlədiyimizi əldə etdik".
Azarkeşlərə səslənən Ehtiram Quliyev qarşıya çempionluq məqsədi qoyduqlarını da bildirib: "Əgər azarkeşlərimiz olmasa, bizim Tovuz şəhər stadionunda yer almağımızın mənası yoxdur. Mənim həyat fəlsəfəm ondan ibarətdir ki, əgər bir yerdə yarış varsa, orada qalib olmaq da var. Nə qədər çətin, nə qədər mümkünsüz görünsə də, 2025/2026 mövsümünü qalib kimi başa vurmaq istəyirik. Azarkeşlərdən istəyimiz odur ki, klubun və futbolçuların yanında olsunlar, onları dəstəkləsinlər. "Turan Tovuz" klubunun qarşısına çempionluq hədəfi qoyulub".
E.Quliyev klubun transfer planlarından da danışıb: "Yeni futbolçuların transferləri barədə də müzakirələr aparılır. Minimum 2-3 futbolçunun komandaya alınacağını planlaşdırırıq. Komandamız Bakıda da hazırlıq keçəcək. Azarkeşlərimiz rahat olsunlar, komandamız yeni mövsümə var gücü ilə hazırlaşır. Komandaya gəlişimizdən bu yana əsas hədəfimiz infrastrukturu gücləndirməkdir. Lakin düşünmədik ki, Tovuz şəhər stadionu kimin balansındadır və mülkiyyəti kimə qalacaq. Yəni etdiyimiz hər şey "Turan Tovuz"un daha da gücləndirilməsinə hesablanıb. Bu il də layihələrimizi davam etdiririk. Stadionun ot örtüyünün dəyişdirilməsi asan başa gəlmir. Əslində biz bu işi ötən ildən planlaşdırırdıq. Lakin turnir cədvəlində yer aldığımız mövqeyə görə bunu edə bilmədik. Azarkeşlərdən uzaq qalmağa cəsarətimiz çatmadı. Ot örtüyününün dəyişdirilməsi böyük maliyyə tələb edir. Əslində bu prosesə yayın əvvəlində başlayıb, yeni futbol mövsümünün başlanğıcına qədər bitirə bilərdik. Sadəcə ot örtüyünün özünün yetişmə mövsümü olur. Məhz buna görə, sentyabrın əvvəlində stadiona təbii ot örtüyünün toxumları səpiləcək. Hazırda orada ciddi işlər gedir. Hava şəraitindən asılı olaraq, oktyabr ayında ot örtüyünün dəyişidirlməsi işləri yekunlaşmalıdır. Mənə məlumatlar gəlir ki, bəzi azarkeşlər gedən işlərlə tanış olmaq üçün tez-tez stadiona baş çəkirlər. Düşünürəm ki, bu il infrastruktur işlərinin ilkin mərhələsini başa vuracağıq".
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması