"MDB Oyunları 3-cü dəfədir keçirilir. Bu, gənclər üçün böyük turnirdir. Bunun mütəmadi keçirilməsi gənc futbolçuların beynəlxalq təcrübəsinin artması üçün faydalıdır. "Qəbələ" klubunun və yarışı təşkil edən Gənclər və İdman Nazirliyinin əməyini yüksək qiymətləndirirəm".
Bu sözləri Sportliqa.az-a açıqlamasında lll MDB Oyunlarında Azərbaycanın U-19 millisinin Rusiyanın müvafiq yaş qrupundan ibarət yığmasıyla final matçını (2:3) izləyənlər arasında olan "Qarabağ"ın akademiyasının koordinatoru Aftandil Hacıyev deyib.
O, millimizin turnirdəki çıxışından danışıb:
"Oyunların bəzilərini canlı izləmək fürsətim oldu. Final matçını da canlı izlədim. Çox yaxşı oyun oldu, meydanda gərgin mübarizə getdi. Millimiz turnirin favoritlərindən hesab olunan Rusiya yığmasına qarşı çox inamlı çıxış etdi. Hesabda öndə olsaq da, rəqibin təcrübəsinin çox olduğu özünü büruzə verdi. Bildiyim qədərilə ruslar daha çox turnirlərdə çıxış edib. Bizim gənclər üçün hesabdakı üstünlüyü qoruyub-saxlamaq çox çətin oldu. Meydandan məğlubiyyətlə ayrılsaq da, hər iki komanda böyük təcrübə qazandı. Bizi sevindirən odur ki, "Qarabağ"dan 11 futbolçu milliyə dəvət olunmuşdu. Start heyətində də çoxluq təşkil edirdilər. Onların üzərlərində çox çalışmaq lazımdır. Oyuna baxanda bunu sezmək olur. Bu yaş qrupunda oyun sayı artdıqca peşəkar futbola daxil olmaq potensialı olan futbolçular kifayət qədərdir. Final matçında meydanda seçilənlərdən biri də Əli Bəşirov idi. Digər futbolçuların da potensialı var. Ümid edirik ki, onlar gələcəkdə bizim əsas millinin üzvü ola bilərlər".
Hacıyev Rəşad Eyyubovun U-21 millisinin baş məşqçisi təyin olunmasına da münasibət bildirib:
"Rəşad Eyyubova uğurlar arzulayıram. Onun üçün böyük təcrübə olacaq. O, futbol ictimaiyyətinə tanış simadır. Millidə forma geyinən futbolçu olub. Əsas millidə və "Sabah"da köməkçi məşqçi kimi təcrübə qazanıb. Hər bir gənc məşqçiyə şans vermək lazımdır. AFFA-nın bu addımını dəstəkləyirəm. Gənc mütəxəssislərə etimad göstərmək, onların arxasında dayanmaq, inkişafları üçün dəstək vermək çox önəmlidir. Ümid edirəm ki, Rəşad Eyyubov gələcəkdə seçilən məşqçilərimizdən olacaq".
44 yaşlı mütəxəssis Ayxan Abbasovun A millinin baş məşqçi postuna gətirilməsi haqda isə bunları deyib:
"Ayxan Abbasov futbol həyatında uzun müddət birlikdə olduğum, yaxından tanıdığım insandır. Onun zəhmətkeş olması və böyük təcrübə topladığı artıq hamımıza məlumdur. Düşünürəm ki, milli üçün layiqli məşqçidir.Ümid edirəm ki, ona bəslənən ümidləri doğruldacaq. Düzdür, millimizi çətin oyunlar gözləyir. Ayxan Abbasova uğurlar arzulayıram. Müqavilənin detallarına varmaq istəmirəm. Bəzən sözləşmənin detalları açıqlanmır. Bu, təcrübədə də görünüb. Elə detallar var ki, bəzən hər iki tərəfin məsləhəti ilə ictimaiyyətə açıqlanmır. Önəmli olan müqavilənin şərtləri deyil, millimizin uğurudur. Ayxan Abbasova hamımız inanırıq. Ümid edirik ki, qarşıdakı 4 oyundan sonra da millidə fəaliyyətini davam etdirəcək".