Jorj Kaşkilya: "İstədiyimiz hesabı əldə edə bilmədik"
"İmişli" Misli Premyer Liqasının 15-ci turu çərçivəsində evdə "Karvan-Yavlax"la heç-heçə edib - 1:1.
Sportliqa.az xəbər verir ki, matçdan sonra meydan sahiblərinin baş məşqçisi Jorj Kaşkilya mətbuat konfransında oyunla bağlı fikirlərini bölüşüb:
“Açığı, oyun nəticəsi gözlədiyimiz kimi olmadı. Çünki oyun planına və meydanda göstərilən performansa əsasən qalibiyyətə daha çox layiq olan tərəf biz idik. 90 dəqiqə ərzində daha istəkli, daha çox mübarizə aparan və oyunu qurmağa çalışan komanda “İmişli” idi. Bu baxımdan hesab edirəm ki, qalibiyyət məhz bizim komandaya daha çox yaraşırdı.
Havanın və meydanın vəziyyəti oyunun gedişinə ciddi təsir göstərdi. Meydanın ağır olması səbəbindən oyunu qurmaq bizim üçün xeyli çətin idi. Buna baxmayaraq, komandamın çıxışından razı qaldım. Birinci hissədə 3–4, hətta 5 təhlükəli qol epizodu yaratdıq, lakin onlardan yalnız birini qola çevirə bildik. Əgər həmin imkanlardan istifadə etsəydik, oyunun taleyini artıq ilk hissədə həll edə bilərdik.
Portuqaliyalı mütəxəssis qol buraxdıqlarına görə təəssüfləndiyini bildirib:
"Təəssüf ki, futboldur, ağır meydan şəraitində qol vurmaq hər zaman asan olmur. Əks-hücumların birində də qapımızda qol gördük və nəticədə istədiyimiz hesabı əldə edə bilmədik.
İkinci hissədə də komandamız eyni əzmkarlıqla mübarizəni davam etdirdi. Hücum qururduq, qol axtarırdıq və qələbə qolunu vurmaq üçün sona qədər çalışdıq. Lakin etiraf etmək lazımdır ki, ikinci hissədə meydanın vəziyyəti birincidən də çətin idi. Texnikaya əsaslanan komanda olduğumuz üçün bu cür şəraitdə oyun qurmaq daha da mürəkkəbləşirdi.
Bütün bunlara baxmayaraq, futbolçularımı göstərdikləri rəqabətli və döyüşkən oyuna görə təbrik edirəm. Oyunun ilk dəqiqəsindən son saniyəsinədək meydanda 100 faizdən də artıq güclərini qoydular. Bu, çox müsbət göstəricidir. Komandamız heç vaxt təslim olmur, şəraitdən asılı olmayaraq maksimumunu ortaya qoyur.
Bu səbəbdən düşünürəm ki, qalibiyyətə layiq olan tərəf biz idik. Məqsədimiz 3 xal qazanmaq idi, lakin 1 xalla kifayətləndik. Amma açıq şəkildə demək lazımdır ki, bu oyunda qalibiyyətə daha çox layiq idik”.