“Qarabağ” deyəndə ağla təkcə bir futbol klubu gəlmir. “Qarabağ” – yaddaşdır, yoldur, qayıdışdır. Bu yolun üzərində bəzən sözlər susur, simvollar danışır. Kəhər də məhz belə bir səsdir – meydanda qaçan bir maskot yox, tribunanın ruhunu daşıyan bir obraz.
Bu müsahibə “Qarabağ”ın rənglərini, döyünən ürəyini və görünməyən mənalarını Kəhərin dili ilə anlamaq cəhdidir. Onunla söhbətimiz poetik alındı…
Kəhər, maskot olaraq “Qarabağ”ı təmsil etmək sənə nə ifadə edir?
– “Qarabağ”ı təmsil etmək mənim üçün həm böyük məsuliyyətdir, həm də xüsusi hissdir. Maskot olmaq, sadəcə, kostyum geyinmək, azarkeşlərlə ünsiyyətdə girmək deyil. Bu klubun tarixi və ruhu var, insanlar bu ada qarşı çox həssasdırlar. Mən tribunalar önünə çıxanda bunu çox yaxşı hiss edirəm. Azarkeşlərin enerjisi, onların gözləntisi, stadionun ümumi ovqatı — hamısı bir yerdə mənim rolumu daha mənalı edir. Mən özümü klubun emosional tərəfini daşıyan bir fiqur kimi görürəm.
Azarkeşlərlə ilk görüşünü necə xatırlayırsan?
– İlk gün heç vaxt yadımdan çıxmaz. Azarkeşlərə doğru addım atanda sanki hər kəsin baxışında bir maraq vardı: “Bu kimdir? Necə olacaq?” Uşaqlar xüsusilə maraq göstərirdi. Onların reaksiyası mənim üçün ən böyük göstərici idi — çünki uşaq sənə inanmasa, bu inamsızlığını gizlədə bilməz. Həmin gün həm həyəcan var idi, həm də qəribə bir rahatlıq: sanki çoxdan tanıdığım bir mühitə qayıtmışdım. Bir uşağın mənə yaxınlaşıb sakitcə “Sən bizim komandadansan?” deməsi yadımdadır. O cümlə mənim üçün çox şey demək idi. O anda artıq başa düşdüm ki, bu obraz, sadəcə, əyləncə üçün deyil, insanların yaddaşında qalacaq bir simvoldur.
Futbolçular səni meydanda görəndə nə hiss edirlər?
- Futbolçularla aramızda xüsusi bir ünsiyyət var. Onlara yaxınlaşanda həmişə gülümsəyirlər. Bəzən matçdan əvvəl gərginlik olur, bunu hamı anlayır. Mən o anlarda heç nə demədən, sadəcə, yanında dayanıb bir-iki hərəkət edirəm, bu, onları rahatladır. Deyə bilmərəm ki, böyük təsir edirəm, amma kiçik bir detal belə, insanın psixologiyasını dəyişə bilər. Qol olanda da bəzən özümü saxlamıram, meydanın kənarında rəqs edirəm. Onlar da görür və daha motivasiyalı olurlar. Bu, bizim aramızda sözdən çox hərəkətlə qurulan bir anlaşmadır.
Uşaqlarla münasibətlərin necədir?
– Uşaqlar mənim üçün ən həssas nöqtədir. Onların sevinci çox təmizdir və heç nə ilə dəyişdirilə bilməz. Hər oyunda ən çox eşitdiyim cümlə: “Kəhər, mənə əl elə!” və ya “Gəl, şəkil çəkdirək!” olur. Mən də çalışıram ki, heç kimi məyus etməyim. Bir dəfə bir uşaq mənə “Sən böyük və güclü görünürsən, amma sən gələndə qorxmuram” dedi. O cümlə həqiqətən mənə təsir etmişdi. Demək ki, Kəhər sevgini, səmiyyəti, güvəni qarşı tərəfə ötürə bilir. Bəzən insanlar düşünür ki, maskot, sadəcə, şou üçündür. Amma uşaqlar üçün o, bəzən rahatlıq, bəzən əyləncə, bəzən də özünü təhlükəsiz hiss etmək deməkdir.
Oyun atmosferində rolun nədən ibarətdir?
- Oyunlarda atmosfer tez-tez dəyişir. Komanda çətin an yaşayanda tribunanın səsi azalır. Mənim işim o ritmi qorumaqdır. Bir jest, bir hərəkət, tribunaya yaxınlaşmaq, azarkeşlərlə kiçik interaksiya — bunlar həmişə hərəkətə gətirir. Azarkeş oyuna qayıdanda futbolçular da bunu hiss edir. Bunun dəfələrlə şahidi olmuşam. Yəni mənim rolum bəzən sadə görünür, amma matçın emosional “axını” üçün vacib olur.
Matç günlərində ən sevdiyin an hansıdır?
- Mənim üçün ən təsirli an ilk çıxışdır. Stadionun işıqları yanır, musiqi başlayır, tribunalar dolur… Mən o an “Qarabağ”ın bütün hisslərinin bir yerə toplandığını hiss edirəm. Bir də qol sevinci var ki, onu heç nə əvəz etmir. O səs dalğası adamın içindən keçir.
Maskot olmaq daha çox əyləncədir, yoxsa məsuliyyət?
- Hər ikisidir. Əyləncəni danmaq olmaz, çünki bu işdə yumor da, jest də, azarkeşlərlə səmimi ünsiyyət də var. Amma məsuliyyət daha ağırdır. Çünki insanlar səni klubla əlaqələndirir. Mənim hərəkətim, davranışım, hətta verdiyim bir sadə reaksiya belə, klubun adına yazılır. Ona görə də çox diqqətli olmağa çalışıram.
Rəqib komandanın maskotu olsa, münasibətin necə olar?
- Çox normal. Hətta düşünürəm ki, stadionda iki maskotun olması atmosferi daha da yaxşılaşdırar. Bizim işimiz rəqabət aparmaq yox, oyunu daha rəngli etməkdir. Ona görə də məncə, bu, müsbət hal olardı.
Kəhər, nəsə əlavə etmək istərdin?
- Mənim üçün hər oyun yeni bir təcrübədir. Hər dəfə tribunaya çıxdıqda yeni insanlarla qarşılaşıram, yeni reaksiyalar alıram. “Qarabağ” azarkeşlərinin bir hissəsi olmaq çox dəyərlidir. Mən sadəcə maskot deyiləm — bu mədəniyyətin, bu sevginin bir parçasıyam. Əsas məqsədim stadionda müsbət ovqat yaratmaq və hər oyunun azarkeşlər, xüsusən də azyaşlılar üçün yaddaqalan olmasına kömək etməkdir.
Futbolinfo.az
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.