"Komandanı belə bir oyuna çıxarmaq xəyaldır. Mən bunu həqiqətən səbirsizliklə gözləyirəm. Başqa hər şey əhəmiyyətsizdir, bütün diqqətimiz Bakıdadır".
Sportliqa.az xəbər verir ki, bu sözləri UEFA Çempionlar Liqasının Liqa mərhələsində sabah Bakıda "Qarabağ"la qarşılaşacaq "Ayntraxt" klubunun baş məşqçi vəzifəsini icra edən Dennis Şmitt bugünkü mətbuat konfransında deyib.
Gənc mütəxəssis qeyd edib ki, sabahkı görüş komandası üçün həlledici ola bilər: "Hisslərim olduqca müsbətdir. İrəliyə doğru böyük addımlar atmışıq. Futbolçular mənə inam göstəriblər. Gələn həftə evdə özümüz üçün final oyunu yaratmaq üçün böyük bir fürsətimiz var. Müntəzəm olaraq çempionluq uğrunda mübarizə aparan, oyun mexanizmləri formalaşmış bir komanda ilə qarşılaşacağıq".
Dennis Şmitt 13 il bundan əvvəl Avropa Liqası oyununda "Ayntraxt"ın heyətində Bakıda "Qarabağ"la oyunda dubl edən, hazırda isə Frankfurt klubunun məşqçilər korpusunda yer alan Aleksandr Mayerlə bağlı isə zarafatla deyib: "Əlbəttə ki, son oyunda onlara qarşı iki qol vuran Aleks Mayer kimi bir mütəxəssisə sahib olmağımız üstünlükdür".
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.