Qurban Qurbanov: “Gələcək üçün gücümüzü bilməliyik”
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasında “Liverpul”a qarşı keçirəcəkləri oyundan əvvəl təşkil olunan mətbuat konfransında iştirak edib.
Sportliqa.az xəbər verir ki, mütəxəssis matçla bağlı bunları deyib:
– Qrupun son oyunudur. Çox möhtəşəm stadionda, möhtəşəm azarkeşləri olan komandaya qarşı oynayırıq. Bu komandada daim istəklidir. Belə rəqibə qarşı oynayacağıq. Çox istəyirik ki, yaxşı mübarizə aparaq. Futbolçularıma inanıram. İnanıram ki, ən yaxşı oyunlarını göstərməyə çalışacaqlar, sona kimi intizamlı olacaqlar.
– Məğlub olsanız belə, pley-off şanslarınız olacaq. Bu məqam futbolçulara müsbət və mənfi məqamda necə təsir edə bilər?
– Son vaxtlar bu barədə çox danışılıb. Elə bir komandaya qarşı oynayırıq ki, özümüzü sırf bu oyuna kökəlməliyik. Belə azarkeş önündə böyük futbolun dadını hər dəfə görə bilmirsən. Hansısa futbolçunun düşüncəsinin futboldan kənar olduğunu fikirləşmirəm. Hər oyunçu yaxşı mübarizə aparmağa çalışacaq.
– Sabahkı oyun karyeranızın ən vacib sınağı olacaq?
– Bu günə kimi sınaqlardan pis çıxmamışıq. Daha yaxşı nəticə əldə etməyə şansımız var. Daha yaxşısını etmək şansımız varsa, çalışacağıq. Bunlar böyük məsuliyyət tələb edir. İmtahanlar içərisində ən mühümlərindəndir.
– Rəqibin müdafiəsində problemlər var…
– Belə böyük komandalarda belə problemlərin nəsə təsiri olacağını düşünmürəm. Böyük klubdurlar. Çempionlar Liqasında yaxşı nəticələr əldə edirlər. Premyer Liqada nəticələri kluba görə ürəkaçan olmaya bilər, amma Çempionlar Liqasında ən yaxşı səviyyədə çıxış edirlər. Bu komandanın oyun üslubu, futbolçuların bir-birini tamamlaması belə problemləri kənarda saxlayır.
– Komandadan gözləntilər artıb. “Ayntraxt”la oyunda olduğu kimi “Liverpul”la matçı da qələbə qazanaraq unudulmaz edə bilərsiniz…
– Hər şeyə real baxmaq lazımdır. “Qarabağ” olaraq inkişaf ediriksə, deməli, daha məsuliyyətli oyunların içinə giririk. Hər bir halda, bu matçdan çox danışılacaq. Bu cür komandalara qarşı belə stadionlarda oynamaq böyük təcrübə qazandırır. Çünki illərdir, bu turnirdə mübarizə aparırıq. Hər matçdan sonra təzyiq nisbətən azalır, çünki təcrübə qazanırıq. Nəticə pis olsa da, gələcək üçün yaxşı təcrübələr götürəcəyik. İlk püşkdən sonra ən çox danışılan oyun bəlkə də, bu idi. Bakıda da “Liverpul” azarkeşləri çoxdur. Bura gələn azərbaycanlı fanatlarımız da var, onlar burda “Liverpul”a fanatlıq edirlər. Düzdür, indi hansı komandaya azarkeşlik edəcəklərini soruşmadım. Amma ümumilikdə “Liverpul” Azərbaycanda da sevilən komandadır.
– Rəqibin keyfiyyətli oyunçuları var. Futbolçulara hansısa mövqe ilə bağlı xüsusi tapşırığınız olub?
– Burda bu haqda danışmaq istəmərəm. Hər futbolçunun öz keyfiyyəti var. Virts, Salah kimi oyunçuları qeyd etmək olar. Hücumda cəlbedici futbolçuları var. Bu komandaya qarşı oynamaq xüsusidir. Onların ustalığını nəzərə alıb, daha diqqətli olmalıyıq. Bu cür komandalara qarşı öz oyunumuzu, düşüncəmizi göstərməyə çalışmalıyıq. 10, 20, 30 dəqiqə də ola bilər, amma mütləq etməliyik. Gələcək üçün gücümüzü bilməliyik. Topla maksimum oynamağa çalışacağıq.
– Rəqibin müdafiəsindəki itkilər sizinçün hansısa üstünlük verir?
– Rəqib nə qədər imkan verir, o qədər oynamağa çalışacağıq. Əlbəttə, təhlillər aparmışıq. Lakin onlar bu səviyyədə il ərzində 50-60 oyun keçirirlər. Hansısa boşluq verəcəklərini düşünmürəm. Lakin biz də düşündüyümüz kimi bəzi hücumları etməyə çalışacağıq. Topla daha intizamlı olmağa çalışacağıq (Futbolpress.az)