Qurban Qurbanov: "Biz "Barselona"nı olduğu kimi kopyalamırıq"
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov dünyanın ən məşhur idman nəşrlərindən biri olan “Kicker” (Almaniya) jurnalına müsahibə verib.
Sportliqa.az həmin müsahibəni diqqətinizə çatdırır:
- "Qarabağ" ardıcıl 12-ci mövsümdür avrokubokların qrup və ya liqa mərhələsinə vəsiqə qazanır. Bu uğurun sirri nədədir?
- Bütün uğurlarımızın təməlində "Qarabağ" adının daşıdığı dərin məna və klub rəhbərliyindən tutmuş oyunçulara qədər hər kəsin hiss etdiyi böyük məsuliyyət dayanır. Bu bizi hər hansı bir nailiyyətdən sonra arxayınlaşmaqdan qoruyur. Əksinə, azarkeşlərimizin və ümumiyyətlə, hamının gözləntiləri bizi hər il daha da irəli aparır. Bu adın şərəfinə biz işimizə hər zaman son dərəcə ciddi yanaşmışıq və hər mənada daha peşəkar olmağa çalışmışıq. Uzun iş günlərindəki yorulmaz fəaliyyətimiz və böyük fədakarlığımız sayəsində buna nail oluruq.
- "Qarabağ"ı öz futbol fəlsəfəsinə görə "Qafqazın “Barselona”sı" da adlandırırlar. Bununla razısınızmı?
- Təbii ki, bu ləqəbi yüksək qiymətləndiririk. "Barselona"nın fəlsəfəsi və bu oyun sisteminin tətbiqi dünya futbolunun zirvəsidir və bir çox klublar üçün dəyərli metodoloji mənbədir. Biz "Barselona"nı olduğu kimi kopyalamırıq, çünki belə bir sistemi fərqli mentalitetə və keyfiyyətə malik oyunçularla sadəcə tətbiq etməyə çalışmaq uğursuzluqla nəticələnə bilər. Buna baxmayaraq, mən topa sahib olmağa əsaslanan oyun tərzinə üstünlük verirəm. Effektiv hücumla qələbəni təmin etmək üçün oyunçularımız mükəmməl top nəzarətinə malik olmalıdırlar. Əsas məqsədimiz topu mümkün qədər uzun müddət özümüzdə saxlamaqla öz oyunumuzu qurmaq və fəlsəfəmizi həyata keçirməkdir.
- Bir çox klublar futbolçu sataraq öz büdcələrini artırırlar. "Qarabağ" isə bu mövzuda daha təmkinli davranır. Bunun səbəbi nədir?
- Çempionatımızın hazırkı səviyyəsi və azarkeş marağına görə biz istədiyimiz oyunçuların yalnız təxminən 10 faizini heyətimizə qata bilirik. Çoxları Avropanın top klublarına daha birbaşa yol vəd edən liqalara getməyə üstünlük verirlər. Əvvəllər komandaya, əsasən, azad agent olan futbolçuları cəlb edirdik, indi isə yaxşı oyunçular üçün transfer haqqı da ödəyirik. Eyni peşəkarlığı öz istedadlı oyunçularımıza gələn təkliflərdə də gözləyirik. Oyunçularımızın, məsələn, Çempionlar Liqasındakı uğurlu çıxışları tez-tez boş vədlər verən menecerləri cəlb edir ki, bu da komandada narahatlıq yaradır və işimizə mane olur. Oyunçularımızın inkişafına və oyun tərzimizi mənimsəmələrinə inanılmaz dərəcədə çox vaxt və əmək sərf etdiyimiz üçün, onların bizi dəyərindən aşağı qiymətə tərk etmələrini istəmirik. Lakin bir klub kimi böyümək və daha uğurlu olmaq üçün sistematik şəkildə transfer alqı-satqılarında iştirak etmək qaçılmazdır.
- Son vaxtlar, əsasən, Portuqaliya ikinci liqasından oyunçular transfer edirsiniz. Bunun arxasında xüsusi bir strategiya dayanır?
- Oradakı oyunçular bizim büdcəmizə uyğundur və həmin liqadan etdiyimiz transferlər həm də özünü doğruldub. Bu liqa cənubi amerikalı istedadlar üçün bir giriş qapısı olduğu üçün diqqətimizi həmin bazara yönəltmişik və bu, səmərəli nəticə verir. Lakin axtarışlarımız yalnız bu regionla məhdudlaşmır - biz müxtəlif ölkələrin çempionatlarını, oradakı futbolçuları izləyirik.